Ulu Öndər Heydər Əliyevin dəmir yollarının inkişafındakı xüsusi xidmətlərinə həsr olunmuş yaradıcılıq müsabiqəsində 39 nəfər peşəkar jurnalist təltif olunub.
İyulun 19-da “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Azərbaycan Mətbuat Şurasının birgə əmakdaşlığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş media müsabiqəsinin nəticələri açıqlanaraq qalibləri mükafatlandırılıblar.
Tədbirdə ADY və Mətbuat Şurasının rəhbərliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məsul əməkdaşları, 30-dək kütləvi informasiya vasitələrinin rəhbərləri, media üzrə QHT təmsilçiləri iştirak ediblər.
ADY sədri Rövşən Rüstəmov tədbirdə çıxış edərək media nümayəndələrini 22 iyul-Milli Mətbuat Günü münasibəti ilə təbrik edib və rəhbərlik etdiyi qurumun media ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini vurğulayıb.
Azərbaycan dəmir yollarının inkişafında Ulu Öndərin müstəsna xidmətlərindən danışan Rövşən Rüstəmov bildirib ki, sözügedən müsabiqənin keçirilməsində məqsəd Heydər Əliyevin zəngin irsinin öyrənilməsi ilə yanaşı, onun dəmir yollarının inkişafındakı xüsusi xidmətlərini təşviq etmək idi:’’ 1969-1982-ci illər Azərbaycan dəmir yollarının texniki tərəqqi və hərtərəfli inkişaf dövrü kimi qiymətləndirilir. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dəmir yollarının maddi-texniki bazasının formalaşdırılması, infrastrukturun müasirləşdirilməsi və bölgələrə yeni dəmir yolu xətlərinin çəkilməsində əsaslı inkişaf baş verdi. Həmin dövrdə onlarla yeni vağzal binaları, Qafqazda müvafiq sahə üzrə yeganə ixtisaslaşmış müəssisə olan Konteynerlərin Təmiri üzrə Keşlə Vaqon Deposu və daha bir neçə strateji infrastruktur tikililəri istifadəyə verildi’’.
Nəqliyyat sahəsində milli kadr potensialının formalaşdırılması istiqamətində Ulu Öndərin uzaqgörən siyasətindən danışan ADY sədri qeyd edib ki, 1970-1987-ci illərdə 200 nəfərə yaxın gənc Sovet İttifaqının tanınmış ali məktəblərində dəmiryolçu ixtisası üzrə təhsil alaraq Azərbaycana qayıdıblar. Hazırda həmin mütəxəssislərin böyük əksəriyyəti ADY-nin müxtəlif strukturlarında çalışırlar.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, adıçəkilən müsabiqəyə daxil olan 70-dən çox yaradıcı iş jurnalistlərin analitik yazı, video-reportaj və məqalələrin hazırlanmsı bacarıqlarını əks etdirmişdir: ’’Ölkəmiz üçün strateji əhəmiyyət daşıyan dəmir yollarının inkişafı haqqında müsabiqə mövzuları jurnalistlərimiz tərəfindən geniş işlənilmiş, maraqlı faktlar ortaya çıxarılmışdı. Peşəkar media ekspertlərindən ibarət münsiflər heyəti materialları ədalətli və şəffaf qaydada qiymətləndirib’’.
Qeyd edək ki, Ulu Öndərin dəmir yollarının inkişafındakı xüsusi roluna həsr olunmuş müsabiqə 1) Azərbaycan dəmir yollarının inkişafının Heydər Əliyev modeli;
2) Heydər Əliyevin gerçəkləçən arzusu: Qədim İpək Yolundan TRASEKA-dək, Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında və 3) Sibirin və Uzaq Şərqin böyük kəşfi-Baykal Amur Magistralının tikintisini sürətləndirən Heydər Əliyev nəhəngliyi mövzularını diqqətdə saxlayıb.
Müsabiqəyə 1 iyun-15 iyul 2023-cü il müddətində 53 kütləvi informasiya vasitəsindən 77 iş təqdim olunub. Müsabiqənin şərtlərinə əsasən, 9 nəfər jurnalist əsas, 30 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.
Tədbirin sonunda müsabiqənin qaliblərinə sertifikat və mükafatlar təqdim edilib.