“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) infrastruktur üzrə baş bankiri Yelena Qordeya arasında görüş keçirilib.
Görüşdə əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin bankın maliyyə dəstəyi ilə dəmir yolları infrastrukturunun müasirləşdirilməsi istiqamətində prioritet layihələr barədə müzakirələr aparılıb.
AYİB-in maliyyə dəstəyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı, həmçinin nəqliyyat infrastrukturunun modernizasiyası üzrə həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayan ADY sədri, 2017-2021-ci illərdə Bankın dəstəyi ilə dəmir yollarında elektrik təsərrüfatının optimallaşdırılması və enerji səmərəliliyi məqsədilə reallaşmış texniki məsləhət layihəsinin əhəmiyyətini qeyd edib.
Sədr R.Rüstəmov həmçinin sosial-iqtisadi inkişafa dair Azərbaycan 2030: Milli Prioritetlər proqramının “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” və “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” istiqamətləri üzrə görülən işlər, o cümlədən ADY-nin bu yaxınlarda BMT-nin Qlobal Sazişinə üzv olması ilə dayanıqlı inkişaf məqsədlərinə nail olmaq təşəbbüsü barədə ətraflı məlumat verib.
AYİB-nin rəsmi nümayəndəsi də öz növbəsində gələcəkdə ADY-nin infrastruktur layihələrinin maliyyələşdirilməsinə hazır olduğunu bildirib.