11 Mart 2024

ADY təhlükəsizliklə bağlı maarifləndirmə tədbirlərini davam etdirir

ADY təhlükəsizliklə bağlı maarifləndirmə tədbirlərini davam etdirir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) orta məktəblərdə dəmiryol xətlərindən düzgün istifadə və təhlükəsizlik qaydalarına dair maarifləndirmə görüşlərini davam etdirir.

ADY hər bir sərnişinin səyahətində, hər bir yükün daşınmasında təhlükəsizliyə xüsusi önəm verir, təhlükəsizliyin davamlı və dayanıqlı olmasını təmin edir. Bu məqsədlə ADY hərəkətin təhlükəsizliyini və daşımaların mühafizəsini təşkil etməklə yanaşı dəmir yolu xəttinə yaxın ərazidə yerləşən məktəblər, icmalar, fermer təsərrüfatları ilə yaxından əməkdaşlıq edir.

Növbəti görüş Sabunçu rayonu 307 saylı orta məktəbdə baş tutub. Məktəblilər dəmir yolu xətlərindən müəyyən olunmuş yer və keçidlərdən istifadə qaydalarına dair təqdimatları dinləyib, dəmiryol xətlərinə edilən kənar müdaxilələrin sərnişindaşıma və yükdaşımalara yaratdığı risklər, insanlara və iqtisadiyyata vurduğu ziyanlar barədə  məlumatlandırılıblar. Görüşdə nümayiş etdirilmiş videoçarxlar şagirdlər tərəfindən maraqla qarşılanıb.

Tədbir sual-cavab formatında davam etdirilib. Şagirdlər dəmir yolları barədə bildiklərini və təlimdə öyrəndiklərini danışıblar.

Təhlükəsizliyə xüsusi önəm verən ADY bu il əhali arasında, xüsusi ilə ölkə üzrə məktəblərdə maarifləndirmə kampaniyalarını davam etdirəcək.