10 Aprel 2023

ADY tranzit daşınmalarının həcmini artırmaq üçün ölkəyə yeni nəsil texnikalar gətirdi

ADY tranzit daşınmalarının həcmini artırmaq üçün  ölkəyə yeni nəsil texnikalar gətirdi

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) dəmir yolu infrastrukturunun sağlamlaşdırılması və tranzit daşımaların həcminin əhəmiyyətli dərəcədə artırılması istiqamətində 303 ədəd platforma vaqon və 18 ədəd drezinin alınaraq ölkəyə çatdırılmasını təmin edib. Hərəkət tərkibi və maşın-mexanizmləri parkını son nəsil texnikalarla təchiz edən ADY beynəlxalq  daşımalarda rəqabətədavamlılığını günbəgün möhkəmləndirir.

10 aprel tarixində media nümayəndələrinin iştirakı ilə yeni Biləcəri lokomotiv deposunda müvafiq texnikaya baxış keçirilib.

ADY-nin İnfrastruktur departamentinin rəisi Elçin Zülfüqarov bildirib ki, dəmir yolu ilə sürətli və keyfiyyətli daşımaları həyata keçirmək üçün ilk növbədə infrastruktur vaxtaşırı olaraq sağlamlaşdırılmalıdır: “Yeni nəsil drezinlər yol təsərrüfatı, elektrik təchizatı, habelə işarəvermə sahəsində təmir-tikinti işlərinin çevik aparılmasına, infrastrukturun saz vəziyyətdə saxlanılmasına, bununla da hərəkətin təhlükəsizliyinə əhəmiyyətli dərəcədə töhfə verəcək’’.

Cəmiyyətin Yük daşımaları departamentinin rəisi Emil Əhmədov bildirib ki, yeni alınmış 303 ədəd platforma vaqonu tranzit daşımaları, xüsusilə Şərq-Qərb istiqamətində yük daşımalarının həcminin artırılmasına geniş imkanlar açacaq: “Məqsədimiz Azərbaycan Respublikasının əlverişli coğrafi mövqeyini nəzərə alaraq multimodal daşımalar zəncirinin əsas halqası rolunda çıxış etmək və ölkəmizin regionda əsas nəqliyyat Hub-na çevrilməsinə dəstək verməkdir’’.

ADY yük daşımalarının fasiləsizliyini və əməliyyatların optimallaşdırılmasını təmin etmək məqsədilə bütün marşrutlar üzrə infrastruktur məhdudiyyətlərinin aradan qaldırılması, əməliyyatların sinxronlaşdırılması, hərəkət tərkibinin müvafiq dəhlizlər üzrə səmərəli bölüşdürülməsi istiqamətində kompleks tədbirlər planı hazırlayaraq həyata keçirir.

Qeyd edək ki, quru nəqliyyatı ilə yük daşımalarında əsas lokomotiv rolunu oynayan ADY bu ilin I rübündə 4 441 970 ton yük daşıyaraq ötən ilin eyni dövrü ilə müqayisədə 17% daha çox yük daşıyıb.

Xatırladaq ki, ADY 2022-ci ilin I rübündə 3 810 144 ton yük daşımışdır.