1 Avqust 2016

Astara çayı üzərində dəmir yolu körpüsünün və 8, 3 km uzunluğunda yeni dəmir yolunun tikintisi davam edir

 Astara çayı üzərində dəmir yolu körpüsünün və 8, 3 km uzunluğunda  yeni dəmir yolunun tikintisi davam edir

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisinin reallaşdırılması istiqamətində mühüm addımların atılması, Azərbaycanın tranzit potensialının artırılmasında, ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində  mühüm rol oynayacaq.

Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalamışdır. 12 may 2016-cı ildə Azərbaycan Respublikasının Mazirlər Kabineti “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Qərar qəbul etmişdir.

Həmin Sərəncama uyğun olaraq, 20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməli qoyulmuş, Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda  yeni dəmir yolunun tikintisinə start verilmişdir.

Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda dəmir yolunun torpaq yatağının işlənməsi davam edir. Relyefi mürəkkəb olan əraziyə 100-ə yaxın texnika cəlb olunub.  Əraziyə 510000 kub-metr qum, qaya daşı, çınqıl daşınması nəzərdə tutulub və bunun  370000 kub-metri artıq  daşınıb.

Ərazidə əkin sahələrinin suvarılması üçün 14 ədəd suötürücü qurğu tikilməlidir. Bunun 11 ədədi artıq hazırdır. Digərlərində torpaq qazma, betonlama işləri davam edir. Sərhəd nəzarəti və kəndarası avtomobil yolunun torpaq yatağının altından keçirilməsi məqsədilə tikilən 2 ədəd müxtəlif səviyyəli suötürücülərinin özül hissəsi betonlanmış, hazırda yan divarların armaturlama işləri aparılır.

Dəmir yolunun tikintisi düşən ərazıdə su, rabitə, elektrik və qaz xətlərinin köçürülməsi tamamlanmaq üzrədir. Bütövlükdə bu ərazıdə köçürülməli olan 315 vətəndaşın yaşayış evi, həyətyanı sahəsi və pay torpağı var (10-u yaşayış evidir).  Artıq bunun 104-ü, o cümlədən 7 evi köçürülüb. Digərlərinin sənədləşməsi aparılır. 

Eyni zamanda Astara stansiyasının yollarının yenilənməsi də gündəmdədir. Artıq stansiyadaxili yollardan 2 km-i əsaslı təmir olunub. 1 km yolda isə da əsaslı təmir işlərinin aparılması davam edir.

Astara çayı üzərində tikiləcək üç aşırımlı dəmir yolu körpüsünün orta və kənar dayaqlarının  altında, 32 ədəd 32 metr dərinliyində (diametri 1,2 metr) svay vurulmuş,  2 dayaq   tikilmiş və digər 2 dayaqda tikini-quraşdırma işləri davam edir. 

8, 3 km uzunluğunda  yeni dəmir yolu xəttinin qoyuluşuna avqust  ayının ortalarında başlanması nəzərdə tutulur.

Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanmışdır. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minmişdir. 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz «Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında» Saziş»ə  qoşulmuşdur.

Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır.