21 Sentyabr 2016

Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda yeni dəmir yolunun qoyuluşu davam edir

 Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda  yeni dəmir yolunun qoyuluşu davam edir

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisinin reallaşdırılması istiqamətində mühüm addımların atılması, Azərbaycanın tranzit potensialının artırılmasında, ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində  mühüm rol oynayacaq.

Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalamışdır.

Həmin Sərəncama uyğun olaraq, 20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməli qoyulmuş, Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda  yeni dəmir yolu xəttinin yatağında torpaq yatağının hazırlanmasına başlanmışdır.

Relyefi mürəkkəb olan əraziyə - Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda dəmir yolu xəttin torpaq yatağının işlənməsi üçün 100-ə yaxın texnika cəlb olunmuş,  əraziyə 510000 kub-metr qum, qaya daşı, çınqıl, köhnə dəmir-beton məmulatı döşənmişdir.

Ərazidə çirkab sularının axıdılması üçün 13 ədəd suötürücü qurğu, sərhəd nəzarəti və kəndarası avtomobil yolunun torpaq yatağının altından keçirilməsi məqsədilə 2 ədəd tunel tikilmişdir.

Dəmir yolu xəttinin çəkildiyi ərazıyə düşən rabitə, elektrik və qaz xətlərinin köçürülməsi başa çatmışdır. Bütövlükdə bu ərazıdə köçürülməli olan 315 obyektin  (yaşayış və qeyri-yaşayış sahəsi) əksəriyyti köçürülmüş, qalanların  sənədləşməsi aparılır. 

Sentyabrın əvvəlində Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda  yeni dəmir yolunun qoyuluşuna başlanmışdır. Artıq 5 km yol qoyulmuşdur.

Astara çayı üzərində tikilən üç aşırımlı dəmir yolu körpüsünün dayaqları (4 dayaq) və istinad divarları tikilmişdir. 27 tirdən 15-nin betonu tökülmüş, hazırda qalanlarının karkası yığılır.

İşlərin ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanmışdır. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minmişdir. 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz «Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında» Saziş»ə  qoşulmuşdur.

Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır.