11 Oktyabr 2016

“Azərbaycan Dəmir Yolları” ilə QSC-də İsveçrənin “Stadler Rail Group” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilmişdir

“Azərbaycan Dəmir Yolları” ilə QSC-də İsveçrənin “Stadler Rail Group”  şirkətinin nümayəndə  heyəti ilə görüş keçirilmişdir

 

“Azərbaycan Dəmir Yolları” QSC-də İsveçrənin “Stadler Rail Group” şirkətinin prezidenti Peter Şpulerin rəhbərlik etdiyi  nümayəndə heyəti ilə növbəti ikitərəfli görüş  keçirilmişdir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat vermişdir. 

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən alınmış  KİSS markalı ikimərtəbəli elektrik qatarlarına texniki xidətinin təşkili üçün “Stadler Rail Group”  şorkəti ilə birgə müəssisənin yaradılması, 30 ədəd yataq tipli  sərnişin vaqonunun alınmasının maliyyə məsələləri müzakirə olunmuşdur.

“Stadler Rail Group” baş direktoru Peter Şpuler çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirmişdir

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınmışdır.

Qeyd edək ki, “Stadler Rail Group” şirkətinin «Stadler Minsk» zavodunda istehsal olunmuş iki ədəd KİSS markalı ikimərtəbəli elektrik qatarları may ayında Azərbaycana gətirilmişdir. İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıya gətirilən yeni elektrik qatarı ilə tanış olmuşdur.

Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında  sərnişinlərin  yüksəkkeyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir.

İkimərtəbəli elektrik qatarları 15 sentyabr tarixində Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində istifadə ediləcək.