21 Fevral 2023

‘’Azərbaycan Dəmir Yolları’’ QSC-də ADA Universitetinin 10 tələbəsinə sertifikatlar təqdim olunub

‘’Azərbaycan Dəmir Yolları’’ QSC-də ADA Universitetinin 10 tələbəsinə sertifikatlar təqdim olunub

Bu gün ‘’Azərbaycan Dəmir Yolları’’ (ADY) QSC-nin inzibati binasında nəqliyyat və logistika sahəsi üzrə təcrübə proqramını uğurla başa vurmuş tələbələrlə görüş keçirilib.

ADA Universitetinin biznesin idarə olunması, maliyyə və hüquq fakültələrində təhsil alan ümumilikdə 10 tələbə ADY-nin Transformasiya ofisində 5 aylıq təcrübə proqramında iştirak ediblər.

Qeyd edək ki, müvafiq təcrübə proqramı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ADY-nin birgə təşəbbüsü ilə həyata keçirilib.

Tələbələr qlobal nəqliyyat şəbəkəsinin fəal tərəfdaşı olan ADY-nin həyata keçirdiyi layihələr, beynəlxalq dəhlizlərdə iştirak, yükdaşımaların təşkili, böyük verilənlər bazasının hazırlanması, nəqliyyat sahəsində qanunvericiliyin təhlili, audit işinin təşkili, rəqəmsal transformasiya və s. istiqamətlərdə praktiki bilik əldə ediblər.

Tələbələr adından çıxış edən Nərgiz Məmmədova bildirib ki, təcrübə proqramı çərçivəsində beynəlxalq dəhlizlərdə yükdaşımaların təşkili, dövlət investisiya proqramlarının icrası, dəmir yolu sahəsinin liberallaşdırılması və layihələrin idarə olunması üzrə əldə edilən zəngin təcrübə onların bilik və bacarıqlarını xeyli inkişaf etdirib.

Təcrübə proqramı müddətində qurumun fəaliyyətinə verdikləri töhfəyə görə gəncləri təqdir edən ADY rəhbərliyi onlara gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Görüşün sonunda tələbələrə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.