18 Noyabr 2016

“Azərbaycan Dəmir Yolları» QSC-də İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilmişdir

“Azərbaycan Dəmir Yolları» QSC-də İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilmişdir

Noyabrın 18-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Iran Islam Respublikasının  Azərbaycandakı fövqəladə və əlahiyyətli səfiri Cavad Cahangirzadə ilə  görüş keçirilmişdir.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək bildirdi ki, Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşdiyindən, ölkəmizin nəqliyyat qurumları “Şərq-Qərb” və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizlərinin fəaliyyətində aktiv iştirak edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalamışdır. Həmin Sərəncama uyğun olaraq, 20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulmuşdur. Artıq Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi başa çatmışdır. Bu yol boy 12 ədəd yoldəyişdirici qurğu, iki yerdə qorunan keçid quraşdırılır. Bu yaxınlarda iranlı həmkarlarımızla yola baxış keçirdik.

Astara çayı üzərindəki tikilən körpüdə 4 dayaq, istinad divarları tikilmiş, körpünün üstü betonlanmış, məhəccərlər qoyulmuşdur. Körpüdə son tamamlama işləri həyata keçirilir.  Hazırda  tağların quraşdırılması prosesi gedir.

Sonra səfir Cavad Cahangirzadə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallşması istiqamətində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirmiş, İran tərəfinin də bu sahədə işləri sürətləndirdiyini bildirmişdir.

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınmışdır.