29 Noyabr 2016

“Azərbaycan Dəmir Yolları” QSC-də Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri ilə görüş keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC-də Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri ilə görüş keçirilib

Noyabrın 29-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan ilə görüş keçirilib.

Səmimi və dostluq şəraitində keçən görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycan Dəmir  Yolunda həyata keçirilən islahatlar, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısına gələcəkdə dəhlizə cəlb oluna biləcək yüklər haqqında məlumat verib. Bildirib ki, bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi artıq dizel ilə işləyən lokomotivlər butun yol boyunca maneəsiz hərəkət edə bilirlər.

İkitərəfli görüşdə həmçinin Türkiyə və Azərbaycan ölkələrinin dəmir yollarının gələcək planları və bu əməkdaşlığın perspektivləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna yüklərin cəlb olunması və digər məsələlər müzakirə olunub.

Türkiyə Respublikası nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan çıxış edərək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyəti haqqında danışıb. O, bildirib ki, layıhənin Türkiyə hissəsində işlər son mərhələdədir, qısa müddətdə başa çatdırılacaq və bununla da dəmir yolu vasitəsilə  Çindən Avropaya birbaşa əlaqə qurulacaq.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulaıb.