“Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti ötən ilin sonunda Çində aşkar edilmiş koronovirus (2019-nCoV) virusunun ölkəmizə keçmə ehtimalını nəzərə alaraq xüsusi Tədbirlər Planı hazırlayıb.
Plana əsasən, sərnişin qatarlarında, tədris və tibb müəssisələrində, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə sanitariya-gigiyena normalarına və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsi yoxlanılır. Dəmir yolu ərazisində yerləşən bütün obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır.
Bundan başqa, ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkət edən qatarlarda lazımi tədbirlər görülür. Sərhəd-keçid məntəqələri gücləndirilmiş iş rejiminə keçib. Sərnişin qatarlarında çalışan briqadalara təlimatlar verilib. Onlar hər hansı bir xəstəliyə yoluxmaqda şübhəli bilinən şəxslə qarşılaşdıqda necə davranacaqları ilə bağlı maarifləndirilirlər. Yoluxucu xəstəliklərin profilaktikasında şəxsi gigiyena qaydalarının gözlənilməsinin vacibliyi barədə sərnişinlər və dəmiryolçular məlumatlandırılıb. Qatar heyətlərinin tibbi-sanitar biliklərinin artırılması istiqamətində işlər gücləndirilib.
Hər hansı xəstəliyə yoluxmaqda şübhəli bilinən şəxs aşkarlanarsa, bu barədə məlumatlar dərhal Həkim-Sanitar Xidmətinə təqdim olunacaq. Həmçinin dəmir yolu vağzallarının radio qovşaqları vasitəsilə sərnişinlərin ümumi gigiyena qaydaları barədə məlumatlandırılmasına başlanılacaq.