Ötən 20 il ərzində Azərbaycan dəmir yolları müasir, qabaqcıl və dayanıqlı sənaye kimi ölkəmizin nəqliyyat sektorunun aparıcı güclərindən birinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində dəmir yolu sənayesi böyük inkişaf yolu keçərək ölkəmizin sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfələr verib. Məhz Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı 2003-cü ildə bütün sahələri əhatə edən yeni inkişaf dövrü başlayıb və dəmir yollarının inkişafı üçün də unikal imkanlar yaranıb.
Dəmir yolları son iyirmi il ərzində yatırılan böyük investisiyalar və tətbiq olunan məqsədyönlü inkişaf strategiyası sayəsində tam yeni sima qazanıb. Bir çox hədəflərə nail olunub, bəziləri isə hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) qarşısında çağırış kimi dayanır. Hədəflərə çatmaq üçün hər bir sahədə ciddi işlər görülür.
Transformasiya prosesi sürətlə davam edir
Son illər ərzində ADY bir qurum kimi köklü dəyişikliklərdən, başqa sözlə, transformasiyadan keçir. Ənənəvi idarəetmə strukturu və şirkətdaxili əməliyyatlar yenidən təşkil edilir, uzunmüddətli inkişaf strategiyası formalaşdırılır, sosial maraq və öhdəliklərə daha böyük diqqət ayrılır. ADY korporativləşmə yolunu seçib. Bu mənada, illərlə oturuşmuş təşkilat modelindən optimallaşdırılmış və inteqrasiya olunmuş şirkət modelinə keçid etmək prioritet hədəflər arasındadır.
Transformasiya prosesinin effektiv idarə edilməsi məqsədilə beynəlxalq nüfuzlu məsləhətçi şirkətin dəstəyi ilə Transformasiya Proqramının həyata keçirilməsinə başlanılıb.
Transformasiya Proqramının 1-ci və 2-ci mərhələsi tamamlanıb, 3-cü mərhələsi bitmək üzrədir. Bu proses çərçivəsində optimal, çevik təşkilati struktur formalaşdırılıb. Korporativ idarəetmə sisteminin qurulması üzrə işlər görülüb ki, nəticədə daha şəffaf, səmərəli və inklüziv idarəçilik strukturu formalaşıb. Stansiyaların sayının optimallaşdırılması, işlək stansiyaların sayının 108-dən 69-dək azaldılması sayəsində dəmir yollarının əməliyyatları daha səmərəli və çevik fəaliyyət modelinə keçid edib.
Transformasiya nəticəsində ADY-nin əsas uğurlarından biri şirkətin artıq öz vəsaitləri hesabına iri investisiya layihələrini həyata keçirməsidir. Xərclərin optimallaşdırılması və əlavə gəlirlərin təmin edilməsi sayəsində ADY öz vəsaiti ilə 2023-cü ildə 35 milyon manat investisiya edib. Məsələn:
2024-cü ildə isə bu vəsait 50 milyon manatı aşaraq 20-dən çox layihənin icrasına cəlb ediləcək. Məsələn:
Müasir qatar parkı
Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən, dəmir yollarında istifadə olunan hərəkət tərkibi əhəmiyyətli dərəcədə yenilənib. O cümlədən:
Yeni qatarların alınması ilə paralel olaraq 2023-cü ildə “Stadler Rail Group” şirkəti ilə Regional Servis Mərkəzinin yaradılması barədə müqavilə imzalanıb. Mərkəzdə hazırda dəmir yollarında aktiv istifadə olunan "Stadler" markalı bütün növ nəqliyyat vasitələrinin təmiri və texniki xidməti həyata keçiriləcək. Yerli qatar parkı ilə yanaşı, mərkəzin xidmətləri regionun eyni növ qatarlardan istifadə edən dəmir yolu operatorları üçün də əlçatan olacaq.
Lokomotiv və vaqon parkını artan yükdaşıma tələbatına uyğunlaşdırmaq üçün də işlər görülüb. Bu məqsədlə 303 yeni platforma alınıb. 2014-cü ildə Qazaxıstandan 10 ədəd yeni teplovozun alınması üçün müqavilə imzalanıb və teplovozlar qatar parkına daxil edilib.
Yükdaşıma artır, beynəlxalq dəhlizlərə inteqrasiya sürətlənir
Son 20 il ərzində Azərbaycanda dəmir yolları ilə yükdaşımaların həcmində böyük artım qeydə alınıb. Artımı davamlı etmək üçün mövcud dəmir yolu xətləri yenilənir, eyni zamanda yeni yollar salınır.
Azərbaycan üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin buraxılış gücünü artırmaq məqsədilə 2017-ci ildə Şərq-Qərb bağlantısının ən vacib seqmentlərindən olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolunun təntənəli açılışı baş tutub. Yeni dəmir yolu xətti regional yükdaşımalarda məsafə və vaxt müddətini qısaldaraq Çin–Avropa–Çin nəqliyyat və ticarət dəhlizinə yeni nəfəs gətirib. BTQ dəmir yolunun Gürcüstan seqmentinin hazırda davam edən genişləndirilməsi bir neçə aya başa çatacaq, xəttin buraxılış gücü milyon tondan 5 milyon tona qədər artacaq.
Ötən illər ərzində yükdaşımalarda, xüsusilə tranzit yükdaşımalarda əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki:
Şimal-Cənub dəhlizi üzrə Astara (İran) terminalının tikinti işlərinin 60 faizi uğurla tamamlanıb. Ötən il bu terminalda 700 min tona yaxın yük aşırılıb. Həmçinin Azərbaycan Astarasında yaradılan yeni terminal sayəsində Şimal-Cənub dəhlizinin inkişafına töhfə verilib.
Beynəlxalq nəqliyyat bağlantısı olan Orta Dəhliz üzrə tranzit yüklərin həcminin artırılması və səmərəli idarə olunması məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolları arasında Birgə Müəssisə yaradılıb. Çin mənşəli yüklərin Orta Dəhlizlə Azərbaycan üzərindən daşınması bərpa olunub. Bu məqsədlə konteyner daşımalarının blok qatar şəklinə salınması və təyinatı üzrə birbaşa göndərilməsi təmin olunub. Çindən idxal və tranzit yükü ilə yola düşən konteyner blok qatarlar Orta Dəhlizlə ortalama 8-10 gün ərzində ölkəmizə çatıb ki, bu da ənənəvi marşrutlarla çatdırılma vaxtından təxminən iki dəfə (15-18 gün) azdır.
Sərnişindaşımada rekord göstərici
Prezident İlham Əliyevin müvafiq tapşırıqları əsasında vətəndaşların rahatlığını təmin etmək məqsədilə dəmir yollarının yenidənqurma işləri artıq öz bəhrəsini verir. Vətəndaşlarımıza yüksək keyfiyyətli dəmir yolu xidmətləri göstərmək üçün ADY-nin qatar parkı “Stadler” markalı müasir dizel və elektrik qatarları, həmçinin “Alstom” istehsalı olan lokomotivlərlə yenilənib. İstismar müddəti bitmiş qatarların istifadəsi dayandırılıb, Abşeron dairəvi dəmir yolu xətti boyunca stansiya, vağzal və dayanacaqlar əsaslı təmir olunub. Bütün bunlar vətəndaşların rahat və təhlükəsiz nəqliyyat xidmətinə olan ehtiyacını qarşılamaqda mühüm rol oynayıb, onların dəmir yollarına inam və etibarını artırıb:
2023-cü ildə ADY tərəfindən rekord həddə – 7 milyon sərnişin daşınıb. Abşeron dairəvi marşrutuna əlavə qatarların buraxılması, Bakı–Qəbələ–Bakı marşrutunun açılması və Bakı–Gəncə–Bakı marşrutunun Ağstafayadək uzadılması, xətt üzərində Qovlar (Tovuz) və Dəllər (Şəmkir) stansiyalarına yenidən dayanacaq verilməsi sayəsində əldə edilən bu göstərici ötən ilin göstəricisindən 38% çoxdur (5,1 milyon nəfər).
Ötən il həm də ictimai nəqliyyatın yükünü azaltmaq üçün Abşeron dairəvi dəmir yolu xətti üzrə gündəlik 10 reys artırılıb, həmçinin Bakı–Sumqayıt–Bakı marşrutunda ekspres – iki şəhər arasında dayanacaqsız, birbaşa səyahət imkanı yaradan reyslər təyin edilib. Abşeron dairəvi dəmir yolu xəttində aylar üzrə ən çox sərnişin daşınan günlərin orta göstəricisi 26 min nəfər olub (2022-ci ildə 19,4 min nəfər).
İnfrastruktur müasir tələblərə uyğun yenilənir
Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında ötən 20 il ərzində Azərbaycan dəmir yollarında irimiqyaslı tikinti və yenidənqurma layihələri icra edilib. Görülən işlər nəticəsində yük və sərnişin daşınması üzrə xidmət keyfiyyəti yüksəlib, ölkənin tranzit imkanları genişlənib:
Həmçinin 2022–2023-cü illərdə Yeni Biləcəri və Yeni Gəncə lokomotiv depolarının tikintisi tamamlanıb. 2023-cü ildə Kür çayı üzərində ikinci yeni dəmir yolu körpüsü tikilib, Araz və Kür çayları üzərində dəmir yolu körpüləri əsaslı təmir edilib.
Qarabağ və Şərqi Zəngəzura dəmir yolları ilə “Böyük Qayıdış”
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər nəticəsində azad edilmiş torpaqlarda başladılan genişmiqyaslı bərpa və quruculuq işləri dəmir yollarını da əhatə edir. ADY bu ərazilərdə işçi qatarlarını cəlb edərək bərpa layihələrinin icrasında yaxından iştirak etməklə yanaşı, öz infrastrukturunu da bərpa edir.
Bu mənada:
Rəqəmsallaşan dəmir yolları
Rəqəmsallaşma ADY-nin transformasiya prosesinin əsas istiqamətlərindən biridir. Rəqəmsallaşma proqramı bütün sahələri əhatə edir. Belə ki, istehsalat sahələri və korporativ funksiyanın avtomatlaşdırılması, biznes proseslərin hazırlanması, mərkəzi hesabatlılıq sisteminin qurulması, insan kapitalının optimallaşdırılması, müştəri xidmətlərinin rəqəmsallaşdırılması və s. istiqamətlərdə rəqəmsallaşma paralel olaraq şirkətdaxili prosedurlarda, yükdaşıma və sərnişindaşıma sahələrində həyata keçirilir.
İlkin olaraq:
2023-cü ildə sərnişinlər üçün “ADY Mobile” tətbiqi istifadəyə verilib. Yeni mobil tətbiq sərnişinlərə səfərlərini daha rahat təşkil etməyə imkan yaradır. “ADY Mobile” vasitəsilə bütün istiqamətlər üzrə biletlərin alınması və qaytarılması, balansın artırılması, hərəkət qrafiklərinin yoxlanılması, dəmir yolları ilə bağlı bütün xəbər və yeniliklərin əldə edilməsi daha da asanlaşıb.
Köşklərdə və kassalarda növbələrin aradan qaldırılması və kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınması məqsədilə Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlarda kağız biletlərin istifadəsi dayandırılıb. İndi sərnişinlər heç bir fiziki təmas olmadan NFC-ni dəstəkləyən bank və ya ADY-yə məxsus gediş kartları ilə rahat şəkildə səfərlərini həyata keçirə bilirlər.
Optimallaşdırma prioritet istiqamətlərdən biridir
2023-cü ildə ADY-nin strukturu biznes yönümlü siyasət əsas götürülərək optimallaşdırılıb. Şirkətdə müasir standartlara cavab verən kommersiya fəaliyyəti qurulub. İdarəetmə rəqəmsal platformalara keçirilərək yenidən təşkil edilib. “Agile” yönümlü idarəetməyə, yəni dəyişikliklərə davamlı və çevik uyğunlaşa bilən biznes modelinə keçid edilib. Eyni zamanda İnsan Kapitalı və Korporativ Mədəniyyət siyasəti formalaşdırılıb. Kadr hazırlığının daha peşəkar təşkili üçün ADY nəzdində Təlim və İnkişaf Mərkəzi yaradılıb.
Daha böyük ətraf mühit, sosial və korporativ idarəetmə öhdəliyi
2023-cü ildə BMT-nin Qlobal Sazişinə üzv olmaqla ADY ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) sahələrini əhatə edən fəaliyyət proqramını daha da təkmilləşdirib. Ölkəmizin sosial-iqtisadi inkişafı üçün milli prioritetlər arasında yer alan dayanıqlı inkişaf gündəliyi dəmir yollarının inkişafına yön verən əsas amillərdən biridir.
ESG tədbirləri çərçivəsində ADY sərnişindaşımada ətraf mühitə tullantıları azaltmaq üçün elektrik qatarlarından istifadə edir. Ekoloji cəhətdən təmiz və insan sağlamlığı üçün faydalı nəqliyyat növü olan velosipedin istifadəsini təşviq etmək məqsədilə dəmir yolu stansiyalarında velosiped dayanacaqları təşkil edilib. “Yaşıl enerji”ni təşviq etmək və karbon qazı tullantılarını azaltmaq məqsədilə Yeni Biləcəri və Yeni Gəncə lokomotiv depolarının yenilənməsi zamanı binaların enerji təminatı üçün dam örtüyündə 650-dən çox günəş paneli quraşdırılıb.
Həmçinin dəmir yollarının çəkilişi zamanı ətraf mühitə zərər vurulmaması üçün ADY tərəfindən bütün zəruri tədbirlər görülür. Hər bir yeni layihədə ESG prinsipləri ən effektiv şəkildə təhlil olunaraq tətbiq edilir. Belə ki, Horadiz–Ağbənd xəttinin 85-ci km-də, Mincivan stansiyasının yaxınlığında meşəlik ərazinin zərər görməməsi üçün ağacların yeri həssaslıqla dəyişdirilib. Hər bir layihəmizdə dəmir yolu zolağı boyunca ağacların əkilməsi diqqətdə saxlanılır. Bərdə–Ağdam layihəsinin artıq bir hissəsində şam ağacları və digər növ ağaclar əkilib. ADY həmçinin şirkətdaxili sənədləşmələrdə kağız istifadəsini azaltmaq üçün innovativ texnoloji həllərdən istifadə edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş uğurlar gələcək inkişaf üçün böyük perspektivlər açır. ADY-nin 2030-cu ilədək strateji məqsədləri, bu məqsədlərə nail olmaq üçün nəzərdə tutulan proqramları əhatə edən 2030-cü il Strategiya sənədi hazırlanıb. ADY bu strategiyanın ana xəttini təşkil edən əməliyyatların səmərəliliyi, kommersiya imkanlarının artırılması, rəqəmsallaşma və təhlükəsizlik kimi məsələlərin həlli istiqamətində işini əzmlə davam etdirəcək.