“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “China Railway Container Transport Corp. Ltd.” (CRCT – Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyası) şirkətinin prezidenti Yanq Binin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan və Çin Xalq Respublikası arasında dəmir yolu və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən Orta Dəhliz vasitəsilə yükdaşımaların artırılması mövzusunda geniş müzakirələr aparılıb.
Tərəflər CRCT-nin Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yollarının “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulması barədə fikir mübadiləsi aparıb, bu əlamətdar hadisənin 19-20 sentyabrda Sianda keçiriləcək VIII Beynəlxalq İpək Yolu Sərgisi çərçivəsində baş tutacağını elan edib.
Görüşdə Orta Dəhlizin inkişafı istiqamətində son dövrdə görülən əsaslı işlər nəticəsində Çindən konteyner blok qatarların hərkətinin bərpa edildiyi və 2024-cü ilin əvvəlindən Çin limanlarından Azərbaycana 212 konteyner blok-qatarın göndərildiyi qeyd olunub. Konteynerlərin Bakı limanına çatdırılma müddətinin 8-10 gün, Qara dəniz limanlarına isə 10-12 gün təşkil etməsi görülən tədbirlərin uğurlu nəticəsi kimi vurğulanıb.
Çin tərəfi qeyd olunan göstəricilərdən məmnunluğunu ifadə edərək CRTC-nin “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmaqla Orta Dəhlizlə daşınan yük həcminin artırılmasına töhfə verəcəyini bildirib.
Görüşdə, həmçinin 19-20 sentyabr tarixlərində Bakıda ADY-nin təşəbbüsü ilə Çin, Orta Asiya və Avropa dəmir yolları operatorlarının iştirakı ilə yeni “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının təsisi ilə bağlı müzakirələrin aparılacağı bildirilib. Müzakirələrin əsas mövzusunun bu assosiasiya çərçivəsində əməkdaşlıq vasitəsilə Orta Dəhlizin cənub qanadının inkişaf etdirilməsi və Çin-Orta Asiya-Avropa və əks istiqamətdə səmərəli, sürətli, təhlükəsiz və strukturlaşdırılmış yükdaşıma əməliyyatlarının təmin edilməsinin olacağı qeyd olunub.