29 Noyabr 2016

Azərbaycan və İran dəmir yolları arasında əlaqələrin davamlı inkişafı müzakirə olunub

Azərbaycan və İran dəmir yolları arasında əlaqələrin davamlı inkişafı müzakirə olunub

Noyabrın 29-da Bakıda “Four seasons” otelində  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezi arasında  görüş keçirilib.

Görüşdə Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd marşrutu ilə hərəkət edəcək beynəlxalq sürət qatarının istifadəyə verilməsi üçün təşkilati işlərin həlli, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində işlərin sürətləndirilməsi məsələləri müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək iki ölkə Prezidenti arasında yaranmış çox səmimi  münasibət nəticəsində ölkələrimiz  arasında əlaqələrin daha da gücləndirilməsindən, Azərbaycan Dəmir Yolunda həyata keçirilən layihələrdən, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması  prosesində görülən işlərdən, Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd marşrutu ilə hərəkət edəcək beynəlxalq sürət qatarının istifadəyə verilməsi məsələlərindən danışıb. Bildirib ki, sözügedən marşrut iki ölkə arasında həm dəmir yolu, həm də turizm əlaqələrinin davamlı inkişafına da dəstək olacaq.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezi çıxış edərək, Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişinin başa çatmasını, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan tərəfinin gördüyü işləri yüksək dəyərləndirib.

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.