4 Mart 2016

Azərbaycan və İran dəmiryolçuları Naxçıvanda görüşdülər

 Azərbaycan və İran dəmiryolçuları Naxçıvanda görüşdülər

3 mart 2016-cı ildə Naxçıvan Müxtar Respublikasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla  İran Dəmir Yollarının İdarə Heyətinin üzvü Abbas Hajfathaliha  arasında ikitərəfli görüş keçirilmişdir.

Görüşdə  “Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd” beynəlxalq sərnişin qatarrının istifadəyə verilməsi üçün təşkilati işlərin həlli”, “İran Dəmir Yolları tərəfindən Azərbaycan Dəmir Yollarına məxsus yük vaqonlarının birgə istifadəsi”, “Rəşt-Astara dəmir yolu bağlantısının tikilməsi üçün maliyyə mənbələrinin araşdırılması” məsələləri müzakirə olunmuşdur.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov görüşdə çıxış edərək, iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi istiqamətində aparılan uğurlu siyasətdən,  “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması  prosesində görülən işlərdən, gələcəkdə Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının istifadəyə verilməsi məsələlərindən danışmışdır.

İran Dəmir Yollarının İdarə Heyətinin üzvü Abbas Hajfathaliha çıxış edərək müzakirə edilən məsələlər barədə  fikirlərini bildirmişdir.

Azərbaycan və İran dəmir yolları mütəxəssislərinin mart ayı ərzində təkərdəyişmə məntəqəsinin yerləşdiyi Culfa stansiyasında birgə araşdırmalar aparması, Azərbaycan və İran dəmir yollarının sərnişin bilet satışı sistemlərinin uyğunlaşdırılması imkanlarının araşdırılıb müzakirəyə çıxarılması və növbəti görüşün aprel ayında keçirilməsi qərara alınmışdır.