9 Noyabr 2016

Azərbaycan və İran dəmiryolçuları sərhəddə görüşdülər

Azərbaycan və İran dəmiryolçuları sərhəddə görüşdülər

8 noyabr 2016-ci ildə Azərbaycan və İran dəmiryolçuları Astara çayı üzərində tikilən körpüdə - sərhəddə  görüşdülər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi Azərbaycan  heyəti Астара stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km yolu ilə ilk dəfə dizel qatarla Astara çayı üzərində tikilən körpüyə, İran İslam Respublikasının Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayinin rəhbərlik etdiyi nümayəndə heyəti körpünü keçərək Azərbaycan tərəfinə gəldi.

Bayram əhval-ruhiyyəli görüşdə  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov çıxış edərək bildirdi ki, Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşdiyindən, ölkəmizin nəqliyyat qurumları “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətində aktiv iştirak edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalamışdır. Həmin Sərəncama uyğun olaraq, 20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulmuş, Астара stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişinə  başlanmışdir. Artıq 8,3 km uzunluğunda yeni dəmir yolu xətti hazırdır. Bu yol boy 12 ədəd yoldəyişdirici qurğu, iki yerdə qorunan keçid quraşdırılır.

Astara çayı üzərindəki tikilən körpüdə 4 dayaq, istinad divarları tikilmiş, körpünün üstü betonlanmış, məhəccərlər qoyulmuşdur. Körpüdə son tamamlama işləri həyata keçirilir.  Hazırda  tağların quraşdırılması prosesi gedir.

Sonra nümayəndə heyətləri İran tərəfdə tikintisi gedən yük terminalının  baxış keçirdilər və 1,3 km yolun torpaq yatağında görülən işlərlə tanış oldular. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov İran İslam Respublikası kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırdı.

Sonda görüş iştirakçıları birlikdə Астара stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km uzunluğunda dəmir yoluna baxş keçirdilər.

İran İslam Respublikasının Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Azərbaycan tərəfindən görülən işləri yüksək qiymətləndirdi.

Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır.