25 Fevral 2017

Azərbaycanla İran beynəlxalq yükdaşımalarında mübadilə edilən icazələrin sayını 10 minə çatdıracaq

Azərbaycanla İran beynəlxalq yükdaşımalarında mübadilə edilən icazələrin sayını 10 minə çatdıracaq

Fevralın 24-də Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri baş tutub. Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev və başçılıq etdiyi nümayəndə heyətinin Ərdəbildə İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi, Ərdəbil əyalətinin valisi Məcid Xudabəxş və Ərdəbil vilayətindən olan millət vəkilləri ilə görüşü keçirilib. Görüşdə dövlət başçılarının siyasi iradəsi, şəxsi dostluq münasibətləri nəticəsində son illərdə Azərbaycan-İran əlaqələrinin strateji səviyyəyə yüksəldiyi vurğulanıb, Azərbaycan-İran iqtisadi əlaqələrinə, birgə layihələrə və İranın Ərdəbil vilayəti ilə əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun iştirakı ilə keçirilən görüşdə 2017-ci il üçün beynəlxalq yükdaşımalarında mübadilə edilən icazələrin sayının 10 minə çatdırılması və tranzit xərclərinin 160 ABŞ dollarından 100 ABŞ dollarınadək endirilməsi barədə razılığa gəlinib.

Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz arasında imzalanan “Xudafərin” və “Qız Qalası”, eləcə də “Ordubad” və “Marazad” sazişləri hər iki tərəfdən qüvvəyə minib. 2017-ci ilin yanvarında Azərbaycan Respublikasının Prezidenti tərəfindən 36 MVt gücündə Ordubad SES-in təməli qoyulub. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin birinci mərhələsi yekunlaşmaq üzrədir. Artıq Azərbaycanda 8,3 kilometrlik dəmir yolu xətti və dəmir yolu körpüsü hazırdır. İranda 1,7 kilometr dəmir yolu xəttinin və terminalın tikintisi davam edir. Nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolu xətti üzrə isə işlərin 90 faizdən çoxu tamamlanıb və 2017-ci ildə yekunlaşdırılacaq. Ötən il 330 kV Muğan (İmişli-Parsabad) elektrik xətti istismara verilib, elektrik satışı üzrə Çərçivə Sazişi imzalanıb.

2016-cı ildə Neftçala Sənaye Zonasında birgə avtomobil istehsalı zavodunun, bu ilin yanvarında isə Pirallahı Sənaye Parkında Azərbaycan-İran birgə layihəsi olan əczaçılıq zavodunun təməli qoyulub. Ötən il, həmçinin Azərbaycan və İran arasında iqtisadi, nəqliyyat və turizm sahələrində əməkdaşlığın davamlı inkişafına töhfə verəcək Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd dəmir yolu ilə sərnişin qatarı işə düşüb. Bu yolla il ərzində 12 min sərnişin daşınacaq.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi Azərbaycan nümayəndə heyətinin İrana səfərindən məmnunluğunu ifadə edib, ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsinə önəm verdiyini, son illərdə dövlət başçılarının birgə səyi nəticəsində Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəyə çatdığını bildirib. Ölkələrimiz arasında qarşılıqlı səfərlərin intensivliyi əlaqələrin genişləndirilməsinə olan maraqdan xəbər verir.

İranlı nazir qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin artması müsbət haldır və banklararası əlaqələrin genişləndirilməsi ticarət əlaqələrini daha da genişləndirə bilər. Bundan başqa, ölkələrimiz arasında kənd təsərrüfatı, sənaye, aqrar sahədə avadanlıqların istehsalı, turizm, tranzit və yükdaşımalar sahələrində əməkdaşlıq üçün geniş potensial mövcuddur.