13 Dekabr 2016

Bakı dairəvi dəmir yolunun təmiri davam edir

Bakı dairəvi dəmir yolunun təmiri davam edir

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi konsepsiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük qayğısı ilə intensiv şəkildə reallaşdırılmaqdadır.

Belə ki, Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi sürətlə davam edir. Bakı sərnişin – Pirşağı – Sumqayıt istiqamətində 29.2 km uzunluğunda dairəvi dəmir yolu təmir olunur.

Bu gün Bakı sərnişin stansiyasında 400 metr uzunluğunda dəmir yolu və bir dəst yoldəyişdirici qurğu qoyulacaq.

Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir.  İşlər mərhələ-mərhələ aparılır.

Xatırladaq ki, dairəvi dəmir yolunun əsaslı təmirinə 2016-cı il noyabr ayının 8-də start verilib. Bu günə kimi 3.3 kilometri Nərimanov – Böyükşor mənzilində,  1 kilometri Bakı sərnişin stansiyasında olmaqla, cəmisi 4, 3 km  uzunluğunda  yol qoyulub, eləcə də 2 dəst yoldəyişdirici qurğu quraşdırılıb.

Qeyd edək ki, dairəvi dəmir yolunun qoyuluşu başa çatandan sonra Bakı və Bakı ətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə,  nəqliyyat problemi, qismən də olsa,  aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.