7 Mart 2024

Bakı Dəmiryol Vağzalında 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı “Polad zəriflər” fotosərgisi təşkil olunub

Bakı Dəmiryol Vağzalında 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı “Polad zəriflər” fotosərgisi təşkil olunub

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Polad zəriflər” adlı fotosərgi təşkil edib.

Sərginin açılış mərasimi 7 mart 2024-cü il tarixində ADY rəhbərliyi və media nümayəndələrinin iştirakı ilə Bakı Dəmiryol Vağzalında baş tutub.

Sərgidə dünyada və ölkəmizdə dəmir yollarının tarixində iz qoymuş, bu sahədə böyük zəhməti ilə seçilən dəmiryolçu qadınların fotoları, onların həyat və fəaliyyətinə dair məlumatlar nümayiş olunur.

Nəqliyyat sahəsində keçmişdən bu günə qədər dəmir yolları innovativ yeniliklərin tətbiqi ilə seçilib və bu istiqamətdə qadınların əməyi böyük olub. Bu sahənin tərəqqisində qadınların rolu dünyada dəmir yolu magistralına rəhbərlik edən ilk və yeganə qadın Zinaida Troitskaya, Hindistan dəmir yollarında mühəndislər heyətinə qoşulan ilk qadın Mona Srivastava, sərnişin qatarlarına quraşdırılan “Dennis pərləri”nin ixtiraçısı Olayv Dennis kimi bacarıqlı dəmiryolçuların simasında bu gün də danılmazdır. Sərgidə həmçinin azərbaycanlı qadın dəmiryolçuların da uğur hekayələri nümayiş olunub.

Açılışda çıxış edən ADY-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova bildirib ki, sərginin keçirilməsində əsas məqsəd nəqliyyat sahəsində çalışan dəmiryolçu qadınların uğur hekayələrini foto təsvirlər vasitəsilə nümayiş etdirmək, həmçinin tarixən nəqliyyat və logistika sahəsinin inkişafında qadınların da mühüm rolunun olmasını təbliğ etməkdir.

Sərgi 15 mart tarixinə kimi davam edəcək.

Qeyd edək ki, Azərbaycanın regional nəqliyyat qovşağına çevrilməsinə töhfə verməyi hədəfləyən ADY üçün bu yolda qadınların bilik və bacarıqları xüsusi önəm daşıyır. Bu gün ADY-də karyera yüksəlişini dəmir yollarının ritmi ilə uyğunlaşdıran 2 mindən çox dəmiryolçu qadın var. Bu sahəyə olan sevgisi və bacarıqları ilə onlar qadınların hər bir peşədə uğur qazana biləcəklərini sübut ediblər.