19 Dekabr 2016

Bakı sərnişin stansiyasında son tamamlama işləri görülür

Bakı sərnişin stansiyasında son tamamlama işləri görülür

Paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin stansiyasının yüksək səviyyədə, eləcə də müasir dövrün  tələblərinə cavab verməsi üçün burada  yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranmışdır. Belə ki, 2015-ci ilin mart ayında  əsaslı təmir işlərinə start verildi.

Artıq təmir-tikinti işləri son mərhələdədir. Vağzalın  əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulur, vağzal binasının daxilində tam yenidənqurma işləri görülür. Həmçinin bilet kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəz olununb. 1 ədəd yük, 2 ədəd sərnişin və 1 ədəd əlillər üçün panoram-lift quraşdırılıb.

Əsaslı təmirdən sonra burada inzibati otaqlar, müasir standartlara cavab verən ticarət və iaşə obyektləri, gözləmə zalı, ana-uşaq və namaz otaqları sərnişinlərin istifadəsinə veriləcək.

Onu da qeyd edək ki, vağzal binasının  ikinci mərtəbəsində "ASAN kommunal" fəaliyyət göstərəcək. Sərnişinlər pulsuz Wi-FI sistemindən istifadə edəcəklər.

Bundan başqa, Bakı sərnişin stansiyasının 7 platforması və 8 yolu əsaslı təmir olunub, platformalarda 34 ədəd ikitərəfli oturacaq quraşdırılıb. 8 çıxışlı (4-ü vağzala, 4-ü şəhərə) tuneldə son tamamlama işləri görülür.

Sürətlə davam edən əsaslı təmir işlərinin yaxın günlərdə başa çatması nəzərdə tutulur.

Xatırladaq ki, XIX əsrin memarlıq abidələrindən olan  Bakı sərnişin vağzalı ilk dəfə 1884-cü ildə istifadəyə verilib.

Vağzal  binasının  mavritaniya üslubunda təqdim olunan ilk  layihəsinin müəllifi Bruni, rəssamı Drittenpreys, memarı N. L. Qlebov olub, tikinti işlərinə isə memar L. Z. Rossi başçılıq edib.

Bakı dəmir yolu vağzalı zəmanəsinin çox gözəl, Avropa və Şərq memarlıq elementlərinin üzvü surətdə qovuşduğu orijinal memarlıq kompleksidir.

1977-ci ildə Bakı-sərnişin stansiyasında yeni vağzal binası tikilib. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal Zaqafqaziyada eyni tipdən olan obyektlərin ən böyüyü idi.