14 Noyabr 2015

Bakı-Sumqayıt-Bakı elektrik qatarının 100000-ci sərnişini bəlli oldu

 Bakı-Sumqayıt-Bakı elektrik qatarının 100000-ci sərnişini  bəlli oldu

  

Sentyabr ayının 12-dən Bakı-Sumqayıt-Bakı marşrutu ilə ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb. «Stadler Rail Group» şirkətinin istehsalı olan yüksək komfort şəraitli KİSS markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin sayı getdikcə artmaqdadır.

13 noyabrda Bakı-Sumqayıt-Bakı elektrik qatarının xidmətlərindən istifadə edən  100000-ci (yüz mininci) sərnişin bəlli oldu. Biletin sahibi Azərbaycan Memarlıq və İnşaat Universitetinin  1 kurs tələbəsi, Laçın rayonundan olan məcburi köçkün,  1998-ci il təvəllüdlü Tacan Kərimlidir. “Azərbaycan Dəmir Yolları” QSC Sərnişin daşımaları Departamentinin rəis müavini Mədəd Şıxəmirov Tacan Kərimlini 100000-ci sərnişin olması münasibətilə Cəmiyyət rəhbərliyi adından təbrik etdi, ona biznes-klass vaqonunda 1 (bir) ay ərzində pulsuz gediş sertifikatını və hədiyyələr   təqdim etdi.  

Sonra Tacan Kərimli KİV nümayəndələrinin və dəmir yolu nümayəndələrinin müşayəti ilə biznes-klass vaqonunda yerini tutdu.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti olaraq bildiririk ki, gələcəkdə də sərnişinlərin tam komfortlu və təhlükəsiz şəraitdə mənzil başına çatdırılması istiqamətində görülən işlər  davam etdiriləcək.