13 İyul 2016

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyəti müzakirə olunmuşdur

 Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyəti müzakirə olunmuşdur

Bu gün Türkiyədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ilə Türkiyə Respublikası nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan arasında  Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyəti müzakirə olunmuşdur. 

Qarşılıqlı səmimi və dostluq şəraitində keçən görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tarixi, mövcud vəziyyəti, reabilitasiya, rekonstruksiya və tikintisində görülən işlər, eləcə də bu dəhlizə cəlb oluna biləcək yüklər haqqında məlumat vermişdir. Bildirmişdir ki, hal-hazırda bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə qədər olan hissədə yolun üst quruluşu işləri tamamlanıb, artıq dizel ilə işləyən lokomotivlər butun yol boyunca maneəsiz hərəkət edə bilirlər. 

Sonra Türkiyə Respublikası nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan çıxış edərək bildirmişdir ki, bağlantının Türkiyə hissəsində tikinti işlərinin çox hissəsi görülmüşdür. Bir çox  tamamlama, eyni zamanda elektrik təchizatı, işarəvermə və rabitə  işləri ilin sonuna kimi başa çatdırılacaq.

Tərəflər yaxın gələcəkdə Azərbaycan, Gürcustan və Turkiyə rəsmilərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun istismar şərtləri və  tarif siyasətinin muəyyən edilməsi üçün üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə etmişlər.