4 Avqust 2016

Bakı-Tibilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində işlər sürətlə davam edir

Bakı-Tibilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində işlər sürətlə davam edir

Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısının  reallaşması Azərbaycan, Gürcüstsn və Türkiyə hökumətlərinin diqqət mərkəzindədir. Bu, həmin ölkələrin, eyni zamanda həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan digər ölkələrin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaqdır.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısının  Gürcüstan hissəsində tikinti işləri davam edir. Gürcüstan hissəsində işlər dörd mərhələdə (Marabda - Tetriskaro - 29,2 km, Tetritskaro-Salka - 49,7 km, Salka-Axalkalaki - 74,1 km, Axalkalaki - Kartsaxi - 26,3 km )  həyata keçirilir.

I mərhələ - uzunluğu 29,2 km olan Marabda-Tetriskaro sahəsində I (Tetriskaro stansiyası daxil olmaqla) yolun torpaq yatağında , üst quruluşu elementlərində , süni qurğularda, elektrik təchizatı, rabitə və İMB qurğularında ,mülki və inzibati binalarda reabilitasiya,rekonstruksiya və tikinti işləri əsasən başa çatdırılmışdır. Stansiyalarda qaz ,su , istilik və çirkab suların axıdılması xətləri çəkilmiş və istismara hazırdır. Sahədə qatarların elektrovozla hərəkəti təmin edilmişdir.

II mərhələ - uzunluğu 49,7 km olan Tetriskaro-Salka sahəsində (Salka stansiyası daxil olmaqla) reabilitasiya-rekonstruksiya, tikinti işləri əsasən aparılmışdır.

Sahəyə lifli optik rabitə  və işarəvermə kabelləri qoyularaq, üstü örtülmüşdür. Ərazidə rabitə, işarəvermə,mərkəzləşmə qurğularında sazlama  işləri aparılır. Stansiyaların vağzal binalarında, mülki və yardımçı binalarda,  111 süni qurğuda işlər əsasən başa çatdırılmışdır. Nadarbazevi və Bedeni dartı yarımstansiyalarında işlər başa çatdırılmış, elektrik kontakt şəbəkəsində və  VL-10 kV AB və PG elektrik ötürücü xəttində dəyişdiriləcək 1924 yeni dəmir-beton dirək dəyişdirilmiş,kontakt şəbəkəsində reabilitasiya, rekonstruksiya və tikinti işləri yekulaşmışdır.

III mərhələ - uzunluğu 74,1 km olan Salka-Axalkalaki sahəsində 179 ( 4 qar yığımı əleyhinə qalareya,11 körpü və yol keçidi, 8 daş qırıntılarının axması əleyhinə divar,25 qar yığını əleyhinə divar, 131 müxtəlif su ötürücü boru) süni qurğuda 25 qar yığımı əleyhinə divarda işlər əsasən başa çatdırılmışdır.  Sahədə yolun üst qurluşu elementləri tam dəyişdirilmişdir.

Trialeti, Pokani və Ninotsminda dartı yarımstansiyalarına yeni avadanlıq və qurğular gətirilərək, onların montajı yekunlaşmış, kontakt şəbəkəsində  (1990 dirək basdırılaraq, naqilin asılması), VL-10 Kv AB və PG elektrik ötürücü xəttinin reabilitasiya, rekonstruksiya və tikinti işləri davam etdirilir.  Trialeti,Taparavani,Pokani və Ninotsminda   stansiyasiyalarında vağzal binalarının rekonstruksiyasında işlər əsasən başa çatdırılmışdır.

Hazırda sahədə lifli optik rabitə  və işarəvermə kabelləri qoyularaq, örtülmüş, rabitə , işarəvermə, bloklama və mərkəzləşmə qurğuları gətirilərək, onların yerləşdirilməsi və montajı başa çatıb.

Marabda-Axalkalaki sahəsində sınaq yük qatarının  hərəkəti təmin edilmişdir.

Axalkalaki stansiyasında vağzal binasının, çeşidləmə parkının, süni qurğuların tikintisində işlər davam etdirilir. Stansiyada təkər cütlərinin dəyişdirilməsi məntəqəsində  1520 mm  və 1435 mm  izli yollar qoyulmuşdur.

 Axalkalaki stansiyasını Axalkalaki-Türkiyə sərhəddi (Kartsaxi) ərazisindəki dəmir yolu ilə birləşdirən, Qırxbulaq çayı üzərindəki  6 dayaqlı 153 m-lik körpünün tikintisində işlər başa çatdırılmış, Gürcüstanın iqtisadiyyat və sabit inkişaf müvafiq əmri ilə istismara qəbul edilmişdir.

Bu mərhələdə ən möhtəşəm işlərdən biri də Salka-Axalkalaki sahəsində müxtəlif uzunluqda 4 ədəd tunel-qalereyanın (yerüstü tunel) tikintisidir (1165, 600, 500 və 400 metr uzunluğunda).  Bunların tikintisinin əsas səbəbi qışda bu yerlərin qarla örtülməsidir. Tunel-qalereyalar qışda hərəkətin  ahəngdarlığının pozulmasının qarşısını müəyyən qədər alacaq. Bundan əvvəl ikinci mərhələdə , uzunluğu qisa olsa da, 2 ədəd tunel-qalereya avtomobil keçidi üçün istismara verilmişdir.

IV mərhələ - ümumi uzunluğu 26,3 km (Gürüstan ərazisində tikiləcək tuneldə daxil olmaqla) olan Axalkalaki (stansiya istisna olmaqla)-Türkiyə sərhəddi (Kartsaxi) sahəsində (Kartsaxi stansiyası da daxil olmaqla)  dəmir yolun torpaq yatağında işlər başa çatdırılmışdır. 51 süni qurğunun tikintisi əsasən başa çatdırılmışdır, layihə-smeta sənədlərində nəzərdə tutulmamış 3  süni qurğuda işlər davam etdirilir.

Sahənin 26,3 km-nə, Kartsaxi stansiyasının 1 baş və 6 yan yolunda yolun üst quruluşu elementləri (rels, şpal) qoyulmuş, relslərin qaynaqlanması və yola çınqıl tökülməsi  başa çatmış, ərazidə ekaloji tarazlığı saxlamaq üçün 50.000 dən artıq ağac əkilmişdir.

Sərhəd stansiyası olan Kartsaxidə vağzal, mərkəzləşdirilmiş post və yardımçı binaların tikintisində tamamlama, digər mülki bina və tikililərdə işlər yekunlaşmışdır.

Sərhəddə tikilən 4450 metr uzunluğunda körpünün Gürcüstan ərazisinə düşən  2070 metrində (240 m uzunluqda portalla birlikdə)  1830 m uzunluğundakı sahədə üst keçid işləri tamamlanmış, 1780 m uzunluğunda sahədə yolun alt yatağı qazılmış, 53 metrdə qazma işləri davam etdirilir.Eyni zamanda, tunelin betonlanması işləri aparılır. Betonlama işlərinin yaxın aylarda başa çatdırılması nəzərdə tutulur.

Axalkalaki-Kartsaxi sahəsində işçi sınaq qatarının hərəkəti təmin edilmişdir.

Reabilitasiya, rekonstruksiya və  tikinti işlərinin aparıldığı Marabda- Türkiyə sərhəddi(Kartsaxi) ərazisi relyefinə və iqliminə görə mürəkkəbdir. Dəmir yolu xəttinin mailliyi 35‰-dir. Sahədəki ilk stansiya- Marabda dəniz səviyyəsindən 750 m, 100-cü km-dəki Taparavani stansiyası dəniz səviyyəsindən 2250 m, sonuncu stansiya - Kartsaxi dəniz səviyyəsindən 1850 m hündürlükdə yerləşir.

MƏLUMAT ÜÇÜN: Azərbaycan Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinə qoşulmaqla gələcəyə hesablanmış daha bir addım atdı. Bəri başdan deyək ki, gətirə biləcəyi bütün iqtisadi dayaqlarla yanaşı, Bakı-Tbilisi-Qars tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycanın regionda söz sahibi  olmasını təsdiqləyən bir faktor kimi çox önəmlidir.

Azərbaycanın xüsusilə önəm verdiyi beynəlxalq layihələrdən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin reallaşması məsələsi Azərbaycan, Gürcüstan, Türkiyə hökumətləri və dəmir yolları  rəhbərlərinin diqqət mərkəzindədir. Bu, hər üç ölkənin, eyni zamanda,  həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək  marağında olan başqa ölkələrin də sıx nəqliyyat  əlaqələri qurmasına böyük imkanlar açacaqdır.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı" layihəsi barədə danışıqlara hələ 26-29 iyul 1993-cü ildə Ankara şəhərində keçirilmiş Türkiyə-Gürcüstan arasında Qarışıq Nəqliyyat Komissiyasının iclasında başlanılmışdır. 20-21 iyul 2002-ci ildə Türkiyənin İstanbul şəhərində Türkiyə-Gürcüstan nəqliyyat nazirlərinin iclasında bu layihənin həyata keçirilməsi barədə imzalanmış protokolda layihə üzrə hazırlıq işlərinin görülməsi nəzərdə tutulmuşdur.

Həmin vaxtdan layihənin reallaşması istiqamətində danışıqlar daha da intensivləşdirilmişdir. Belə ki, ötən müddət ərzində bu bağlantının reallaşması istiqamətində də bir sıra görüşlər keçirilmişdir.

Layihə ilə bağlı danışıqların məntiqi zirvəsi, 7 fevral 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri zamanı Bakı-Tbilisi-Qars dəmir yolu tikintisinin layihəsinin artıq başlanması ilə bağlı sazişin imzalanması olmuşdur.

Elə həmin gün (7 fevral 2007-ci il) Gürcüstan Parlamentinin binasında Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli regional əməkdaşlıq sammiti sənədlərinin imzalanması mərasimi olmuşdur.

İlham Əliyev 21 fevral 2007-ci ildə "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalamışdır. 

21 noyabr 2007-ci ildə Gürcüstanın Tetri-Skaro rayonunda - Marabda stansiyasında Bakı - Tbilisi - Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsinin hissəsinin  tikintisinə start verilmişdir.

24 iyul 2008-ci ildə Türkiyənin Qars şəhərində Bakı - Tbilisi - Qars bağlantısının Türkiyə hissəsinin  tikintisinə start verilmişdir.

Son vaxtlar BTQ-nin reallaşması istiqmətində istimaətində işlər daha sürətləndirilmişdir.

Proqnozlar göstərir ki, bu dəmir yolu xətti vasitəsilə ilk illərdə 5 milyon ton yük, növbəti illərdə isə 15 milyon tona qədər yük daşınacağı gözlənilir.

28 sentyabr 2015-ci ildə "Stadler Rail Group" şirkətinin İsveçrənin Altenrayn şəhərində yerləşən zavodunda “Azərbaycan Dəmir Yolları” sifarişi ilə və gələcəkdə "Bakı-Tbilisi-Qars" dəmir yolu xəttində hərəkət edəcək yataq tipli sərnişin vaqonlarına baxış və hazır birinci vaqon gövdəsinin qəbulu həyata keçirilmişdir.

Gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün Azərbaycan tərəfi "Stadler" şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyada istehsal olunur. Kateqoriyasından asılı olaraq vaqonlar 10, 20 və 32 yerlik olacaqdır.

Müasir texnoloji üstünlüklərlə təchiz olunmuş vaqonların alt hissəsinin müvafiq rels ölçüsünə uyğunlaşdırılması avtomatlaşdırılmış sistem sayəsində mümkün olacaqdır ki, bu da sərhəd-keçid məntəqələrində vaxt itkisinin qarşısını alacaq və sərnişinlərin daha da rahat səfər etmələrini təmin edəcəkdir. Müqaviləyə əsasən 2016-cı ilin iyul-avqust aylarında ilk on vaqonun istismara buraxılması nəzərdə tutulub.