18 Yanvar 2017

Bakı – Zabrat – Sumqayıt istiqamətində dəmir yolunun əsaslı təmiri davam edir

Bakı – Zabrat – Sumqayıt istiqamətində dəmir yolunun əsaslı təmiri davam edir

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi konsepsiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük qayğısı ilə intensiv şəkildə reallaşdırılmaqdadır.

Belə ki, dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi sürətlə davam edir. Bakı sərnişin – Zabrat – Sumqayıt sərnişin istiqamətində 29.2 km uzunluğunda dəmir yolu təmir olunur.

Bu gün Nərimanov-Bakı sərnişin mənzilində 1 km uzunluğunda yolun qoyuluşuna başlanılıb.

Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir. İşlər mərhələ-mərhələ aparılır.

Xatırladaq ki, Bakı sərnişin – Zabrat – Sumqayıt sərnişin dəmir yolunun əsaslı təmirinə 2016-cı il noyabr ayının 8-də start verilib. Bu günə kimi 5, 5 km yol qoyulub, eləcə də 5 dəst yoldəyişdirici qurğu quraşdırılıb.

Qeyd edək ki, bu yolun qoyuluşu başa çatandan sonra Bakı və Bakı ətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi, qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.