4 İyul 2016

Bakıda Azərbaycan, İran və Rusiya dəmiryolçuları arasında üçtərəfli görüş keçirilmişdir

 Bakıda Azərbaycan, İran və Rusiya dəmiryolçuları arasında üçtərəfli görüş keçirilmişdir

Bakıda Azərbaycan, İran və Rusiya dəmiryolçuları arasında üçtərəfli görüş keçirilmişdir.

 “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat vermişdir. O, bildirdi ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisinin reallaşdırılması Azərbaycanın tranzit potensialının artırılmasında, ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində  mühüm rol oynayacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalamışdır.

Həmin Sərəncama uyğun olaraq, 20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməli qoyulmuş, 1 mart 2016-cı ildən Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda  yeni dəmir yolu xəttinin tikintisinə start verilmişdir.

Həm körpünün, həm də dəmir yolu xəttinin tikintisinin 2016-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Sonra üçtərəfli görüşdə Azərbaycan tərəfinin Astara (Azərbaycan)-Astara (İran) birləşdirici xəttinin tikintisində, İran tərəfinin Qəzvin-Rəşt birləşdirici xəttinin tikintisində gördüyü işlər, Rusiya-Azərbaycan-İran və Rusiya-Azərbaycan-İran-Hindistan marşrutları üzrə və əks istiqamətdə yük daşınma həcminin artırılmasında “Rusiya Dəmir Yolları” ASC-nin  iştirakı, Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsində də “Rusiya Dəmir Yolları” ASC-nin iştirak şərtləri müzakirə olunmuşdur.

Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanmışdır. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minmişdir. 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz «Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında» Saziş»ə  qoşulmuşdur.

Tədbirin  sonunda müvafiq sənəd imzalanmışdır.