14 Oktyabr 2015

BAKIDA «AZƏRBAYCAN RESPUBLİKASININ TRANZİT POTENSİALININ İNKİŞAF PERSPEKTİVLƏRİ» MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR

BAKIDA «AZƏRBAYCAN RESPUBLİKASININ TRANZİT POTENSİALININ İNKİŞAF PERSPEKTİVLƏRİ» MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR

Oktyabrın 13-də Azərbaycan Dəmir Yolunun yaranmasının 135 illiyinə həsr olunmuş «Azərbaycan Respublikasının tranzit potensialının inkişaf perspektivləri» mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir.

Tədbir iştirakçıları öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akadeik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilmiş, məzarı üzərinə gül-çiçək dəstələri düzülmüşdür.

Sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanında torpaqlarımızın müqəddəsliyi uğrunda canından keçmiş şəhidlərin məzarını ziyarət etmişlər.

«Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov dəmir yolunda həyata keçirilən islahatlar, icra olunan layihələr haqqında KİV nümayəndələrinə məlumat vermiş, onların  suallarını cavablandırmışdır.

“Four seasons” otelində keçirilən Konfransın işində Azərbaycan Respublikası baş nazirinin müavini Abid Şərifov, «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov, «Rusiya Dəmir Yolları» ASC-nin vitse prezidenti Salman Babayev, «Qazaxıstan Dəmir Yolları» SC-nin prezidenti Askar Mamin, Ukrayna Dəmir Yollarının baş direktoru Aleksandr Zavqorodnıy,  «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov iştirak etmişlər.

Konfrans iştirakçıları əvvəlcə   «Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyi tərəfindən hazırlanmış “Dünyaya  açılan pəncərə” sənədli filminə baxdılar.

Konfransda aşağıdakı məsələlər müzakirə olunmuşdur: «Azərbaycan dəmir yolları» - yeni inkişaf yolu; Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi; Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində Rusiyanın rolu; Xəzər dənizinin Qərb sahili üzrə marşrutun üstünlükləri; Konteyner daşımaları; Şərq-Qərb dəhlizi; Açıq tariflər; Müştəri seçimi; Nəqliyyat-logistika infrastrukturunun rolu və regional inkişafı; Şimal-Cənub  Beynəlxalq nəqliyyat dəhlizinin gələcəyi;  Qəzvin-Rəşt-Astara sahəsinin tikintisinin başa çatdırılması; Bakı-Qars birləşdirici xətti; Gözləntilər və perspektivlər.

Konfrans çərçivəsində Transxəzər Beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə Koordinasiya komitəsinin iclası və mətbuat brifinqi keçirilmişdir.