3 Noyabr 2015

Bakıda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı müzakirələr aparılmışdır

 Bakıda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı müzakirələr aparılmışdır

Noyabrın 2-də  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla İİR Dəmir Yolları İdarə Heyətinin üzvü Abbas Haj Fathaliha arasında görüş keçirilmişdir.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat vermişdir.

C. Qurbanov sonra bildirmişdir ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır. Həmin dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcəkdir.

Görüşdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı müzakirələr aparılmışdır. Qeyd edilmişdir ki, ilk mərhələdə Astaraçay üzərində olan körpünün layihələndirilməsinin təkmilləşdirilməsi, Rəşt-Astara xətinin maliyyə mənbələrinin təyin edilməsi və digər texniki məsələlər müzakirə olunmuşdur.

Daha sonra İİR Dəmir Yolları İdarə Heyətinin üzvü Abbas Haj Fathaliha çıxış edərək bildirmişdir ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınmışdır.