7 Dekabr 2016

Bakıda TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf perspektivləri dördtərəfli görüşdə müzakirə olunub

Bakıda TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf perspektivləri dördtərəfli görüşdə müzakirə olunub

7 dekabr 2016-cı ildə “Azərbaycan Dəmir Yolları” QSC-də  Azərbaycan, Qazaxıstan, Türkiyə  və Gürcüstan dəmir yolu nümayəndələrinin dördtərəfli görüşü keçirilib.

Görüşdə   «Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov,  «Qazaxıstan Dəmir Yolu» SC-nin Prezidenti Kanat Alpısbayev, Türkiyə Dəmir Yolu Daşımaçılığın baş direktoru Veysi Kurt və «Gürcüstan Dəmir Yolu» SC-nin sədri Mamuka Baxtadze və  iştirak ediblər.

Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük qayğı və dəstəyi ilə beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesində ölkəmizin aktiv iştirakı, Azərbaycan Dəmir Yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Tərəflər Beynəlxalq TransXəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri, bu marşrut ilə daşınan yüklərin həcminin artırılması  və tariflərin optimallaşdırılması məsələlərini müzakirə ediblər.

“Qazaxıstan Dəmir Yolu” SC-nin Prezidenti Kanat Alpısbayev, «Gürcüstan Dəmir Yolu» SC-nin sədri Mamuka Baxtadze, Türkiyə Dəmir Yolu Daşımaçılığın baş direktoruVeysi Kurt çıxış edərək Beynəlxalq TransXəzər Nəqliyyat Marşrutunun ölkələr üçün olduqca önəmli layihə olduğunu, bu marşruta yük axının cəlb edilməsi üçün bütün imkanları səfərbər etməyin vacib olduğunu bildiriblər.

Görüşün sonunda anlaşma memorandumu imzalanıb.

Tədbirdə həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanınnın baş direktoru Taleh Ziyadov,  «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin sədri Rauf  Vəliyev iştirak ediblər.

Məlumat üçün qeyd edək ki,  3 avqust 2015-ci ildə Beynəlxalq TransXəzər Nəqliyyat Marşrutu üzrə “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” istiqamətində hərəkət edən ilk “Nomand ekspress” sınaq konteyner qatarı Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb. Çindən gələn ilk konteyner qatarı Beynəlxalq TransXəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin iclaslarında əldə etdikləri çevik tarif siyasəti və əlverişli texniki şəraitin yaradılması ilə bağlı danışıqların nəticəsi olaraq mümkün olub. Daha sonra Ukrayna Beynəlxalq TransXəzər Nəqliyyat Marşrutuna qoşulub.

TransXəzər Beynəlxalq Nəqliyyat Marşurutu ilə hərəkət edən “Nomad Ekspress” qatarı orta hesabla 10-12 günə yükləri Çindən Avropaya çatdırır. Bu da marşrutun əsas üstünlüklərindən biridir. Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən Beynəlxalq TransXəzər Nəqliyyat Marşrutunun yükötürmə qabiliyyəti artacaq və qatarların çatdırılma vaxtı qısalacaq.