6 May 2022

Bərdə-Ağdam dəmir yolu xəttinə mediatur təşkil edilib

Bərdə-Ağdam dəmir yolu xəttinə mediatur təşkil edilib

Bu gün Bərdə-Ağdam dəmir yolu xəttində görülən işlərlə tanışlıq məqsədilə mediatur təşkil edilib. Tur çərçivəsində media nümayəndələrinə Bərdə-Ağdam istiqamətində işğaldan azad olunan ərazilərdə bərpa edilən dəmir yolu xətlərində həyata keçirilən layihələrlə bağlı ətraflı məlumat verilib.

Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 km-dir. Layihə çərçivəsində Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarının, 3 ədəd körpü, 1 ədəd yolötürücü, 23 ədəd avtomobil yolu ilə eyni səviyyədə kəsişmənin,  47,1 km rabitə və işarəvermə sisteminin və 127 süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Süni mühəndis qurğularına 3 ədəd körpü, 1 ədəd yolötürücü, 2 ədəd heyvan keçidi, 88 ədəd suötürücü boru və 33 ədəd ehtiyat keçidi daxildir. Dəmir yolu xəttinin tikintisi minatəmizləmə prosesinə paralel aparılır və indiyədək 13 km ərazi minalardan təmizlənib, 5 km ərazi üçün ANAMA tərəfindən sertifikat təqdim edilib.

Tikinti-quraşdırma işləri iki mərhələdə həyata keçirilir. I mərhələ Bərdə, Köçərli və Təzəkənd stansiyaları daxil olmaqla, 20,78 km-lik ərazini əhatə edir. Burada torpaq işləri, suni qurğular və dəmir yolunun üst quruluşu elementləri 100% həcmində tamamlanıb. Bu mərhələdə işlərin ümumi icra vəziyyəti 79% təşkil edir.
  
II mərhələ Təzəkənd və Ağdam stansiyalarını əhatə edən 26,32 km-lik ərazidə həyat keçirilir. Burada torpaq işləri 18%, suni qurğular 12%, dəmir yolunun üst quruluşu elementləri isə 9% həcmində yerinə yetirilib. Bu mərhələnin ümumi icra vəziyyəti 8% - dir. Ərazidə rabitə və işarəvermə sisteminin tikinti-quraşdırma işlərinə başlanılıb.

Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi işlərinə Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən start verilib. Dəmir yolu xəttində tikinti  işlərinin  44 faizi yerinə yetirilib. Layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.