10 Sentyabr 2016

Bu gün Heybət stansiyasında yeni yoldəyişən quraşdırıldı

Bu gün Heybət stansiyasında yeni yoldəyişən quraşdırıldı

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Eyni zamanda yeni yoldəyişənlərin quraşdırılmasına başlanılıb.

Qeyd edək ki, son vaxtlar  “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Səngəçal istehsalat bazası yenidən qurulur. Əsas yeniliklərdən biri də budur ki, Səngəçal istehsalat bazasının ərazisidə yoldəyşən qurğuların yığılması üçün yeni meydança tikilib. Sağ və sol təmayüllü yoldəyişən qurğuların quraşdırılması üçün tikilən meydançanın uzunluğu 90, eni 16 metr təşkil edir.

Bu meydancada yoldəyişənlərin alt quruluş hissələri, yəni tirlər dəmir-betondan yığılır. Bu, Azərbaycan Dəmir Yolunun tarixində ilk dəfədir.

Artıq yeni meydançada ilk yoldəyişən yığılib. Həmin yoldəyişənin 9 sentyabr 2016-cı ildə Heybət stansiyasında quraşdırıldı. Işi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi  MMC-nin kollektivləri həyata keçirmişdir.

Qeyd edək ki, köhnə yoldəyişənlərin alt quruluş hissələri ağac şpaldan yığılırdı və istismar müddətinin  az olması həm texniki, həm də maddi baxımdan əlverişli deyildi. Yeni layihədə daha üstün və fərqli bir üsula əl atıldı. Alt quruluş hissələrinin, yəni şpalların və tirlərin dəmir-betondan hazırlanması, yoldəyişənlərin yeni tərtibatda işə tətbiqi yol təsərrüfatının mahiyyətində uzunömürlülük baxmından  dəyişmələrə səbəb olacaqdır.

Yoldəyişən qurğuların tirlərinin hazırlanması üçün Türkiyə şirkəti tərəfindən Ələt şpal zavodunda yeni sex açılıb. Tirlərin hazırlanmasında istifadə edilən bütün metal hissələr Qazaxıstan Respublikasından gətirilir.

Xüsusi ağırlığa malik olan yoldəyişənləri mənzil başına daşımaq üşün Rusiya Federasiyasından yeni quruluşlu platforma  vaqonlar alınaraq Səngəçal istehsalat bazasına gətirilib. Qurğunun qoyulması və sökülməsində istifadə ediləcək UKS tipli yeni kranın isə yaxın günlərdə gətiriləcəyi reallaşacaqdır.

Yaxın bir il ərzində dəmir yolunun müxtəlif mənzillərində 100 ədəd belə yoldəyişənin quraşdırılması nəzərdə tutulur.