30 Noyabr 2016

Dairəvi dəmir yolunda 1250 metr dəmir yolunun qoyuluşu həyata keçirilir

Dairəvi dəmir yolunda 1250 metr dəmir yolunun qoyuluşu həyata keçirilir

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi sürətlə davam edir. Bakı sərnişin – Pirşağı – Sumqayıt istiqamətində 29.2 km uzunluğunda dairəvi dəmir yolu təmir olunur.

Bu gün Nərimanov – Böyükşor mənzilində daha 1250 metr yolun qoyuluşuna başlanılıb. Yolun qoyuluşu  iki gün  davam edəcək.

Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir.  İşlər mərhələ-mərhələ aparılır.

Qeyd edək ki, dairəvi dəmir yolunun əsaslı təmirinə noyabr ayının 8-də start verilib. Əvvəlcə Nərimanov – Böyükşor mənzilində 2.2 km uzunluğunda olan hissənin torpaq yatağı işlənib, sonra yolun qoyuluşuna başlanılıb. Atrıq 1800 metr uzunluğunda yol qoyulub.

Dairəvi dəmir yolunun qoyuluşu başa çatandan sonra Bakı və Bakı ətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə,  nəqliyyat problemi, qismən də olsa,  aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.