9 Noyabr 2016

Dairəvi dəmir yolunun əsaslı təmirinə start verildi

Dairəvi dəmir yolunun əsaslı təmirinə start verildi

Bakı sərnişin – Pirşağı – Sumqayıt istiqamətində 29.2 km uzunluğunda dairəvi dəmir yolunun əsaslı təmir işlərinə start verildi.

Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir.  İşlər mərhələ-mərhələ aparılır. Hazırda 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi bu dairəvi dəmir yolunun Nərimanov – Böyükşor mənzilində 2.2 km uzunluğunda olan hissəsinin təmirinə başlayıb. “Dəmiryolservis” MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyovun verdiyi məlumata görə, hazırda köhnə yolun söküntüsü və torpaq yatağının işlənməsi prosesi gedir.

Ümumiyyətlə, bu layihə həyata keçirildikdən sonra Bakı və Bakı ətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə,  nəqliyyat problemi, qismən də olsa,  aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başa rahat və təhlükəsiz şəraitdə çatacaq.