16 Mart 2017

Dəmir yolunda “Sağlamlıq günü” keçirilib

Dəmir yolunda “Sağlamlıq günü” keçirilib

“Azərbaycan Dəmir Yolları”  Qapalı Səhmdar Cəmiyyətində növbəti “Sağlamlıq günü” keçirilib. Belə tədbirlərin əsas mahiyyəti, dəmiryolçulara işindən ayrılmamaq şərtilə, profilaktik baxışların keçirilməsidir.  

«Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən müəyyən olunmuş Tədbirlər Planına əsasən, mütəmadi olaraq dəmiryolçuların tibbi müayinəsi aparılır. Onların sağlamlıq vəziyyəti barədə müvafiq məsləhətlər verilir, lazım gəldikdə isə pasientlərə stasionar və ya ambulator şəraitdə daha ətraflı müayinə  və müalicə aparılmaları  tövsiyyə olunur. Mütəmadi olaraq keçirilən “Sağlamlıq günü” tədbirləri də görülən işlərin tərkib hissələrindəndir.

 Gün ərzində 84 nəfər dəmiryolçu Bakı dəmir yolu xəstəxanasının həkimləri tərəfindən elektrokardioqrafik və laborator müayinədən keçirilib, 17 nəfər xəstəxanaya dəvət olunub.  

Qeyd edək ki, “Sağlamlıq günü” tədbirləri dəmir yolunun iri qovşaqlarında da təşkil olunur. Eyni zamanda, qatarların hərəkəti ilə bağlı işçilərin ilkin və dövri tibbi müayinəsi, peşə xəstəliklərinin profilaktikası, tibb məntəqələrində reysqabağı tibbi baxışlar uğurla həyata keçirilir.