14 Dekabr 2015

Dəmir yolunda tranzit daşımalar artır

Dəmir yolunda tranzit daşımalar artır

Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşdiyindən, ölkəmizin nəqliyyat qurumları “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətində aktiv iştirak edir.

Son aylar  ərzində Azərbaycan dəmir yolları ölkənin dəmir yolu ilə bağlı tranzit potensialının artırılması istiqamətində  bütün imkanları səfərbər edib. Artıq Rusiya Federasiyasından İran İslam Respublikasına, Azərbaycan ərazisindən tranzit olaraq keçməklə, dəmir yolu ilə  daşınan yeni yüklər cəlb olunmağa başlanmışdır.

Dəmir yolu ilə daşınan yüklərin Azərbaycan üzərindən, Astara stansiyasından İrana daşınmasını təmin etmək üçün İngiltərənin Moskvada yerləşən MDB üzrə “Argus Media” Qiymət Agentliyi ilə danışıqlar aparılmışdır. “Argus Media” Qiymət Agentliyinin məlumatına əsasən  İrana Rusiyadan va Qazaxıstandan taxıl məhsulları, dəmir məmulatları və taxta materiallarının daşınmasını həyata keçirir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyinin apardığı düzgün tarif siyasəti nəticəsində bəzi yüklərin Azərbaycan üzərindən İrana uğurla daşınması mümkün olmuşdur.

Qeyd edək ki, əvvəlki marşrutlarla aparılan daşımalarda bəzi çətinliklər mövcuddur.  Birincisi, Rusiyadan Qazaxstan və Türkmənistan üzərindən - Sərəxs keçid məntəqəsindən İrana qədər olan məsafə kifayət qədər uzaqdır. Rusiyanin dəniz limanlarından daşınan yüklər isə gəminin yükü tam yığılanadək saxlandığı zaman əlavə cərimələr yaranır. Bu yüklər Azərbaycan dəmir yolu üzərindən tranzit olaraq daşınanda isə həm məsafə qısalır, həm də əlavə cərimələrdən qaçınılır.

Dekabrın əvvəlində Rusiyanın Mixaylovo - Leontyevskaya stansiyasından göndərilmiş 5 vaqon (340 ton) darı Astara stansiyasında vaqonlardan maşınlara yüklənərək İrana göndərilmişdir. əlavə 10 vaqon (700 ton) darı da Rusiyanın Sebryakovo stansiyasından Astara stansiyasına, sonradan isə İran alıcısının sifarişi ilə maşınlarla İrana göndəriləcəkdir. Üç vaqon artıq Astaradadır. Bütün bu işlər müasir tələblərə cavab verən terminalda avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Vaqonlar boşaldılandan sonra sellafonlara qablaşdırılır, sonra isə maşınlarla İrana daşınır.

Yaxın vaxtlarda Qazaxıstan və Rusiyadan minlərlə ton həcmində buğda, arpa, kətan, mərci kimi yüklərin Astara stansiyasına və oradan da İrana göndəriləcəyi planlaşdırılır. Gələcəkdə bu istiqamətdə yüklərin daha da artacağı gözlənilir.

Ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin  ölkəmizin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsini zəruri etmişdir.  Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalamışdır.

Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanmışdır. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minmişdir. 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz «Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında» Sazişə  qoşulmuşdur.

"Şimal-Cənub" dəmir yolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır. Həmin dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcəkdir.