30 Dekabr 2016

Dəmiryolçular 2016-cı il ərzində görülən işləri müzakirə etdilər

Dəmiryolçular 2016-cı il ərzində görülən işləri müzakirə etdilər

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik  Günü və yeni təqvim ili ərəfəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 2016-cı ilin yekunlarına dair iclas keçirilib.

İllərin qovuşuğunda keçirilən tədbiri giriş sözü ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov açaraq, iştirakçıları, onların şəxsində bütün xalqımızı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2017-ci il münasibətilə ürəkdən təbrik edib, dəmir yolunda çalışan insanlara  möhkəm cansağlığı, uzun ömür, xoş güzəran diləyib.

O, bildirib ki, təqvimdə bir çox  əlamətdar günlər var. Ölkəmizin yaxın və uzaq keçmişinin müəyyən məqamlarını özündə əks etdirən bu tarixi günləri yaşatmaq olduqca gərəklidir. Çünki həmin günlərdə Azərbaycan öz tarixinin mühüm anlarından birini yaşayıb. Onlardan biri də ulu öndərin təşəbbüsü ilə təsis edilən 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu bayramın elan olunması bizim yaxın tariximizdə baş verib. Ümummilli lider Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən ilk dəfə, 16 dekabr 1991-ci il tarixli sərəncamı ilə 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik və Milli Birlik bayramı elan etdi, sonra isə bu tarix bütün Azərbaycan xalqının, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızın milli bayramına çevrildi.

Sonra C. Qurbanov 2016-cı il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı ilə dəmir yolunda həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, Azərbaycanın Bakı-Tbilisi-Qars, “Şimal-Cənub”  və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilməsi istiqamətində, “ASAN QATAR” sisteminin tətbiqi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verdi. Xüsusilə “ASAN QATAR” sisteminin tətbiqindən danışan C. Qurbanov bildirib ki, bu, Azərbaycanın brendidir və hələlik dünyada analoqu yoxdur.  

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov çıxışının sonunda bir daha tədbir iştirakçılarını ürəkdən təbrik etdi, 2017-ci ildə hər kəsə uğurlar dilədi. 

Sonda 26 dəmiryolçuya yeni mənzillərin açarları təqdim olundu.