Fevralın 29-da Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqının (DMHİ) XXIV Hesabat-Seçki Konfransı keçirilib.
Konfransda “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin birinci müavini Əlirza Süleymanov, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov və ADY-nin müvafiq departament, idarə və şöbələrinin rəhbərləri, eləcə də Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqı Beynəlxalq Konfederasiyasının baş katibi Kosalapov Gennadiy Nikolayeviç iştirak ediblər.
Konfransda 2023-cü ilin mart ayından 2024-cü ilin mart ayına qədər görülmüş işlərin və Təftiş-nəzarət komissiyasının hesabatı dinlənilib.
DMHİ-nin sədr müavini Fətəli Bəyimov hesabat dövrü ərzində görülən işlər haqqında ətraflı məlumat verib. O, “Heydər Əliyev ili” çərçivəsində Ulu Öndərin dəmir yolunun inkişafı istiqamətində göstərdiyi xidmətlərə həsr olunmuş tədbirlərdən, o cümlədən Nabranda yerləşən “Lokomotiv” İstirahət Mərkəzində görülmüş yenidənqurma işlərindən və dəmiryolçuların idman spartakiadasının uğurla keçirilməsindən söz açıb.
F.Bəyimov bildirib ki, dəmiryolçuların sosial mənafelərinin qorunması istiqamətində davamlı tədbirlər görülür, o cümlədən vətənimizin azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin ailə üzvlərinin və müharibə iştirakçılarının sosial rifahının yüksədilməsi daim diqqətdədir.
Daha sonra ADY sədrinin birinci müavini Əlirza Süleymanov çıxış edərək DMHİ-nin fəaliyyətinin vacibliyini vurğulayıb.
Həmkarlar İttifaqı Beynəlxalq Konfederasıyasının baş katibi Gennadiy Kosalapov də konfransda çıxış edərək DMHİ-nin gördüyü işləri yüksək qiymətləndirib. O, ADY-ni işəgötürən olaraq yüksək qiymətləndirib. ADY-də orta əmək haqqının son illərdə gözəçarpan dərəcədə artdığını qeyd edib.
AHİK sədrinin müavini C.Alxasov ADY-nin DMHİ ilə birgə gördüyü işlərin dəmiryolçular üçün böyük əhəmiyyətindən bəhs edib.
Konfransın gündəliyinə uyğun olaraq DMHİ-nin sədri, müavini və yeni Təftiş-nəzarət komissiyası üzvlərinin seçilməsi müzakirəyə çıxarılıb.
Açıq səsvermə ilə Vaqif Bədəlov yenidən DMHİ-nin sədri, Fətəli Bəyimov isə sədrin müavini seçilib.