11 Aprel 2017

Kiyevdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun səmərəli istifadəsi müzakirə olunub

Kiyevdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun səmərəli istifadəsi müzakirə olunub

Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində Azərbaycan,  Ukrayna, Qazaxıstan və Gürcüstan dəmiryolçularının iştirakı ilə  dördtərəfli görüş keçirilib.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədri Voytsex Balçun, “Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Kanat Alpısbayev və “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze iştirak ediblər.

Tədbirdə ölkələr arası yük axınının artırılması, həmçinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun (BTNM) səmərəli istifadəsi müzakirə olunub. Avrasiyada perspektiv nəqliyyat dəhlizlərindən biri kimi BTNM-in vacibliyi qeyd olunub. Eyni zamanda bu dəhlizin potensialından istifadə edilməsinin, bu istiqamətə yük axınının cəlb edilməsinin zəruriliyi vurğulanıb.

Tərəflər BTNM-in Avropa İttifaqı ölkələrinə çıxışı üçün əməkdaşlıq coğrafiyasının genişləndirilməsi üzrə işlərin davam etdirilməsi məsələsində razılığa gəliblər.

Nəqliyyat istifadəçiləri üçün maksimal dərəcədə əlverişli şəraitin yaradılması bu sahədə səmərəliliyin və rəqabətə dayanıqlılığın yüksəlməsini təmin edəcək. Buraya yük daşıyıcılarına göstərilən xidmətlərin “bir pəncərə” rejimində təqdim olunması, onlara edilən təkliflər spektrinin genişləndirilməsi, yük daşımalarında məcburi prosedurların optimizasiya və unifikasiyası kimi məsələlər aiddir.

Görüşdə həmçinin BTNM infrastrukturunun inkişafı, eləcə də “Cənub-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri  üzrə tranzit yük axınının artırılması məsələləri müzakirə olunub.

Bildirilib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi əsasən Hindistandan və İran Körfəzi regionundan, yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Bu dəhlizin  digər marşrutlarla müqayisədə əsas üstünlüyü isə tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə ölkələrimiz arasında əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır.

Görüşün yekununa dair müvafiq Protokol imzalanıb.

Eyni zamanda nümayəndə heyətlərinin rəhbərləri səfər çərçivəsində Ukraynanın baş naziri Vladimir Qroysmanla görüşüblər.