15 Fevral 2016

Moskvada Azərbaycan və Rusiya dəmiryolçuları arasında ikitərəfli ğörüş keçirilmişdir

8 fevral 2016-cı il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində “Rusiya Dəmir Yolları” ASC və “Azərbaycan Dəmir Yolları” QSC arasında əlverişli əməkdaşlığın inkişaf etdirilməsinə həsr olunmuş yığıncaq keçirilmişdir.

Tədbir “Azərbaycan Dəmir Yolları” QSC-nin cədri Cavid Qurbanovla “Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov arasında əldə olunmuş  razılığa uyğun olaraq baş tutmuşdur.  

Yığıncaqda Rusiya Federasiyası-Azərbaycan Respublikası istiqamətində yükdaşımaların təşkili, Azərbaycan Respulikasının tranzit potensialının inkişaf etdirilməsi, həmçinin maraqlı dövlətlərin cəlb edilməsi şərtilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi  məsələləri  müzakirə olunmuşdur.

“Rusiya Dəmir Yolları” ASC, “RDY Logistika” SC, “Azərbaycan Dəmir Yolları” QSC və “ADY Ekspress” MMC-nin  nümayəndə heyətinin üzvləri, Azərbaycan Respublikası, həmçinin Hindistan Respublikası (Cavahirləl Nehru limanı (Nava-Şeva) - İran İslam Respublikası (Bəndər-Abbas-Qəzvin-Astara) - Azərbaycan Respublikası (Astara-Yalama), Rusiya Federasiyası (Samur-Moskva);  Hindistan Respublikası (Cəvahirləl Nehru limanı (Nava-Şeva)-İran İslam Respublikası (Bəndər-Abbas-Qəzvin-Astara)-Azərbaycan Respublikası (Astara-Yalama) - Rusiya Federasiyası (Samur-Sankt Peterburq);  Hindistan Respublikası (Cəvahirrləl Nehru limanı  (Nava-Şeva)-İran İslam Respublikası (Bəndər-Abbas-Qəzvin-Astara)-Azərbaycan Respublikası (Astara-Yalama) - Rusiya Federasiyası (Samur-Buslovskaya) - Finlandiya Respublikası (Helsinki) və İran İslam Respublikası (Tehran-Astara) - Azərbaycan Respublikası (Astara-Yalama) - Rusiya Federasiyası (Samur-Moskva) marşrutları üzrə  yük daşıma, nəqliyyat-ekspeditor xidməti, yüklərin boşaldılması və saxlanılması sahəsində əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirmişlər.

Müzakirələrdən sonra tərəflər yükdaşıma marşrutlarında müvafiq dərəcələrin müəyyən edilməsi üzrə razılığa gəlmişlər.  Logistik operatorların komissiya məbləği əlavə  müqavilə ilə tənzimlənəcəkdir.

“Azərbaycan Dəmir Yolları” QSC vaqon arabacıqlarının Azərbaycan Respublikası ərazisindən (Yalama-Astara) daşınması üzrə dərəcələrin müəyyən edilməsi məsuliyyətini öz üzərinə götürür.

“ADY Ekspress” MMC Azərbaycan Respublikası (Astara)-İran İslam Respublikası (Astara-İsfahan) marşrutu üzrə rəqabətədavamlı dərəcələrin müəyyən edilməsi məsuliyyətini öz üzərinə götürür. Burada əsas yüklərin daşınmasında yükləmə-boşaltma işləri nəzərə alınmalı və 20 fevral 2016-cı il tarixədək “RDY  Logistika” SC-nə məlumat verilməlidir.

«Azərbaycan Dəmir Yolları» QSC “Beynəlxalq istiqamətdə MDB dövlətlərinin dəmir yollarının tarif siyasəti”nin müvafiq bəndinə uyğun olaraq Yalama-Astara-Yalama marşrutu üzrə neft yüklərinin, yüklü və boş refrijerator konteynerlərinin daşınması üzrə dərəcələrin müəyyən edilməsinə hazır olduğunu bildirmişdir.

Bütün dərəcələr 2016-cı ilin sonunadək qüvvədədir.

Tərəflər arasında növbəti görüşün 2016-cı ilin mart ayında Bakı şəhərində keçirilməsi üzrə razılıq əldə olunmuşdur.