25 Oktyabr 2016

Müasir Azərbaycan: parlaq, heyrətləndirən və yenilikçi ölkə

Müasir Azərbaycan: parlaq, heyrətləndirən və yenilikçi ölkə

Oktyabrın 18-də Azərbaycan müstəqilliyinin 25 illiyini qeyd edib. Bayram münasibətilə hərbi parad keçirilməyib, heç ölkənin nailiyyətləri də görüntü xarakteri daşımır. Yubiley ərəfəsində ölkə prezidenti İlham Əliyev iltifat göstərərək, “Sputnik” agentliyinə müsahibə verməyə, söhbətin bir hissəsinin isə “Vesti nedeli” verilişində istifadə olunmasına razılıq verib. Azərbaycan lideri öz dövləti haqda qürurla və sakit bir əminliklə danışıb.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bu gün Azərbaycan milli köklərə söykənən, eyni zamanda dünyəvi, çoxmillətli, çoxdinli, uğurla inkişaf edən, yalnız öz qüvvəsinə arxalanan, qonşuları ilə mehriban münasibətlərə malik, dünya ictimaiyyətinin etibarlı və layiqli üzvü olan müstəqil və bu sözün tam mənasında özünü təmin edən dövlətdir.

İqtisadi sahədə nailiyyətlər barədə çox danışmaq olar, bir faktı nəzərinizə çatdırım: Davos Ümumdünya İqtisadi Forumunun sonuncu hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünyada 37-cidir. Bu, MDB-də birinci və beynəlxalq arenada kifayət qədər ciddi yerdir. Ona görə bizim qarşımızda üfiqlər açıqdır, biz inamla irəliləyirik və əminəm ki, əsrin növbəti dörddə biri də sürətli inkişaf dövrü olacaq.

Son 13 il ərzində biz Ümumi Daxili Məhsulun həcmini 3 dəfə artıra bilmişik. 2003-cü ildəki 49%-lik yoxsulluq səviyyəsini bu il 5%-dək endirmişik. Yəni, yoxsulluq bir sosial faktor kimi, bizdə artıq mövcud deyil. Eyni şeyi işsizlik barəsində də demək olar – 5%. Bizim böyük valyuta ehtiyatlarımız var. Hətta, neft qiymətlərinin düşdüyü bir dövrdə Neft Fondumuzun valyuta ehtiyatları artır. Çünki biz qənaətlə xərcləyirik və artıq neftdən qazanmırıq”.

İndi isə müxbirimiz Dmitri Kaystronun bayram ərəfəsində Azərbaycanda gördüklərinə nəzər salaq.

Dmitri Kaystro, müəllif: “Çəkisi 15 tona çatan nəhəng bir platforma. Təkcə suyun üzərində qalan hissəsinin hündürlüyü 25 metrdir. Suyun altında isə o, 160 metr dərinliyə gedir. Dənizin dibinə hər birinin çəkisi 650 ton olan nəhəng mıxlarla bərkidilir. Dünyanın heç bir ölkəsində belə platformalar tikilmir”.

Dərin Özüllər Zavodu Azərbaycanın iqtisadi sütunlarından biridir. Dünyaya ilk dəniz platformasını, ilk neft tankerini və sənaye üsulu ilə çıxarılan neftin ilk barellərini Azərbaycan verib. 1848-ci ildə burada çıxarılmış ilk neft təkcə Azərbaycan tarixinə təsir etməyib. Böyük Vətən müharibəsi illərində sovet hərbi texnikası bütün müharibə boyu Bakı nefti ilə irəliləyib. Postsovet dövründə isə Bakı neftindən əldə edilən gəlirlər Azərbaycanın yeni, parlaq paytaxtını tikməyə imkan verib.

Lakin bu gün respublika yalnız bir ehtiyyatdan asılı olmaq istəmir. Ölkə iqtisadi dildə diversifikasiya adlandırılan yeni inkişaf yollarının axtarışına start verib. Üç il əvvəl Fransanın Qviana kosmodromundan özünün ilk telekommunikasiya peykini buraxan Azərbaycan, artıq kosmik dövlətə çevrilib.

Dunay Bədirxanov, “Azərkosmos” ASC-nin Peyk və Yerüstü Sistemlər Departamentinin direktoru: “Bu stansiyadan biz ilk növbədə öz peyklərimizi idarə edir, onları 24 saat ərzində izləyir, telemetrik məlumatlar alır, komandalar ötürürük. Bizdə Lomonosov adına Moskva Dövlət Universitetinin 5 məzunu çalışır. Mən özüm də Sankt-Peterburq Dövlət Universitetinin məzunuyam”.

Rusiya ali məktəbinin diplomu burada nüfuzlu və dəbli sayılır. Elə Azərbaycanın özündə də yüz mindən çox insan rus dilində təhsil alır. Bir çox məktəblərdə birinci sinifdən sonuncu sinifədək rus dili və ədəbiyyatı dərsləri keçilir.

Şagird: “Aleksandr Sergeyeviç Puşkin – dahi şair. Onun şeirlərində fantaziya var, emosiya var”.

Fatimə Məmmədova, şagird: “Rus dili bir qədər çətin olsa da, biz çalışırıq bütün qaydaları və qrammatikanı öyrənək. Rus dili Azərbaycanda çox populyar dildir”.

Uzunluğu 7 min kilometrdən çox olan genişmiqyaslı nəqliyyat dəhlizi Peterburqla Mumbaini birləşdirəcək. Marşrutun əsas hissəsi Xəzərin qərb sahili ilə Azərbaycandan keçməklə, Rusiyadan İrana uzanacaq.

İqbal Hüseynov, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəis müavini: “Bu yol bizim ən prioritet istiqamətlərimizdən biridir. Marşrut Rusiyanı İranla, Hindistanı isə Fars körfəzi ölkələrilə birləşdirəcək. Biz əsasən Rusiyaya məxsus yükləri, o cümlədən taxıl, taxta və metal məmulatları daşıyacağımızı gözləyirik”.

Müasir Azərbaycan onun haqda yaranmış ənənəvi təsəvvürlərdən çox uzaq gedib. Cənubi Qafqazda yüksək texnologiyalar, “ASAN xidmət” mərkəzləri. Burada 250-dən çox xidmət bir yerə toplanıb. Stasionar mərkəzlərlə yanaşı, səyyar xidmət də göstərilir. Bu avtobusların köməyilə ölkənin ən ucqar bölgələrində belə, cəmi bir neçə dəqiqəyə vergiləri ödəyə və ya mülkiyyət hüququnuzu rəsmiləşdirə bilərsiniz.

Anar Hüseynov, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya Təminatı Şöbəsinin müdiri: “Burada siz həm şəxsiyyət vəsiqəsi ala, həm də notarial xidmətlərdən istifadə edə bilərsiniz. Azərbaycana gələn qonaqlar isə miqrasiya xidmətlərindən yararlana bilər”.

Son bir neçə ildə Azərbaycan doğrudan da beynəlxalq qovşağa – onlarla beynəlxalq idman yarışı və ictimai forumların keçirildiyi yerə çevrilib. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsini qəbul edən Bakı onu əsl Şərq nağılına döndərib. 2 il əvvəl isə burada ilk Avropa Oyunları keçirilib. Bu münasibətlə Bakıda onlarla dünya səviyyəli idman arenası tikilib və ya yenidən qurulub. Onlardan biri də Bakı Olimpiya Stadionudur.

Elxan Məmmədov, AFFA-nın baş katibi: “Rusiyada keçiriləcək Dünya Çempionatının seçmə mərhələsinin 3 oyununda millimiz 7 xal yığaraq, müsbət nəticə göstərib. Nəticələr bizi sevindirir, artıq ölkədə idmanın inkişafının bəhrəsini görürük”.

İndi Azərbaycan İslam Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Bakıda bu tədbiri də bu yay keçirilmiş Formula 1 kimi yüksək səviyyədə keçirməyi düşünürlər.

Azad Rəhimov, Gənclər və idman naziri: “Biz gənc dövlətik. Bu il Azərbaycan müstəqilliyinin 25 illiyini qeyd edir. Ölkə rəhbərliyinin qarşımıza qoyduğu vəzifələrdən biri də özümüzü dünya xəritəsində tanıtdırmaqdan ibarət idi. Və bu gün biz ölkəyə böyük turist axınının şahidi oluruq”.

Turizm Azərbaycan üçün vacib istiqamətlərdən biridir. Buraya səfər edənlər arasında rusiyalı turistlərin sayı az deyil. Onlara mütləq Semyon Semyonoviç Qorbunkovun brilyant macəralarının başlandığı yeri və İçərişəhərin labirintlərini göstərəcəklər. Hərçənd, hətta azərbaycanlıların özlərini belə, son illər ucaldılmış yeni və parlaq şəhər daha çox valeh edir.

Mindən çox yaşı olan Qız Qalasının müasir Alov Qüllələrinin fonunda görünən əksi.

Müxbir: “Deyirlər, son vaxtlar Bakını tanımaq olmur”.

Şəhər sakini: “Bəli, hər şey dəyişib”.

Elə Azərbaycanın özü də ildən-ilə sürətlə dəyişməkdədir. Minillik sivilizasiyanın vətəni olan bu torpaqda yüksək texnologiyalar yüzillik ənənələrlə mehriban qonşuluq edir.

Mənbə: ROSSİYA 1

Tərcümə: worldmedia.az