22 Aprel 2016

Qarşılıqlı əlaqələr inkişaf edir

Qarşılıqlı əlaqələr inkişaf edir

Moskvada 21-ci TransRusiya nəqliyyat-logistik xidmətlər və texnologiyalar sərgisi davam edir.

Sərgidə dəmir yollarının, liman və yük terminallarının milli, eləcə də beynəlxalq səviyyəli yükdaşıyıcıları, ekspeditorları, operatorları, yüklərin daşınması və saxlanması üzrə avadanlıq və texnika istehsalçıları, həmçinin gömrük brokerləri, sığorta şirkətləri iştirak edir. Beynəlxalq tədbirdə dünyanın bir çöx ölkələri ilə yanaşı, Azərbaycan da təmsil olunur. Ölkəmizi “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Ekspress” təmsil edir. Eyni zamanda sərgidə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi də iştirak edir. Qeyd edək ki, sərgidə Azərbaycan təmsilçisi - “ADY Express”-in pavilyonuna maraq olduqca böyükdür. Avropa, Asiya, eyni zamanda Rusiyadakı yükdaşıma və logistika şırkətlərı Azərbaycan stendinə, burada təklif olunan nəqliyyat marşrutlarına, yeni tarif siyasətinə maraq göstəriblər. Sərgi iştirakçıları xüsusi olaraq Şimal-Cənub nəqliyyat dəhlizinə diqqət yetiriblər. “Azərbaycan Şimal- Cənub dəhlizində xüsusi rolu olan dövlətdir. İrandan Rusiyaya yük gətirilməsində Azərbaycan ərazisindən fəal şəkildə istifadə olunur. Çünki bu yol ən qısa yollardan biri sayılır. Eyni zamanda Azərbaycan və Rusiya dəmir yollarının bu dəhlizlə yükdaşımalara tətbiq etdiyi aşağı tarifi də qeyd etmək lazımdır. Bu nəqliyat dəhlizi İran hətta Hindistandan yük daşımaları sahəsində rəqabətə dözümlü marşrut hesab edilir”. Bu fikri sərgidə içtirak edən Rusiyali ekspertlər səsləndiriblər. Avropa və Uzaq Şərq olkələrinin təmsilçiləri isə Trans Xəzər Beynəlxalq Nəqliyyat marşrutuna diqqət yetiriblər. Azərbaycan dəmiryolçuları ilə əməkdaşlıq etmək arzusunda olduqlarını bildiriblər. Sərgi eyni zamanda yenı partnyorların tapılması və yeni tranzit yüklərin cəlb olunması üçün yaradılan geniş meydandır. Keçirilən çoxsaylı görüşlərdə, aparılan danışıqlarda Azərbaycanın tranzit marşrutlarının üstünlükləri haqda ətraflı məlumat verilib, marşrutların qısa və daha sərfəli olduğu nümayiş etdirilib.

“ADY Express” kampaniyasının nümayəndələri yeni tranzit yüklərinin Azərbaycanın marağında olan nəqliyyat dəhlizlərinə cəlb olunmasına nail olublar.

Qeyd edək ki, Trans Rusiya sərgisi 3 gün davam edəcək. Beynəlxalq tədbirdə Rusiyanın 71 regionundan və 50 xarici ölkədən 15 minə yaxın mütəxəssis iştirak edir. “TranRusiya” sərgi pavilyonunun sahəsi 18000 kv.m-dən artıq bir sahəni əhatə edir.