2 Dekabr 2015

QATARLARIN HƏRƏKƏTİNƏ TƏHLÜKƏ YARADANLAR SAXLANILDI.......

Məlum olduğu kimi, sentyabr ayının 12-də Bakı-Sumqayıt marşrutu ilə elektrik qatarları hərəkətə başlayıb və «Stadler Rail Group» şirkətinin «Stadler Minsk» zavodunda istehsal olunmuş yüksək komfortlu ikimərtəbəli elektrik qatarları sərnişinlərin istifadəsinə verilmişdir.

Amma təəssüflər olsun ki, bəzi vətəndaşlarımız özlərinin normalara sığmayan davranışı ilə  elektrik qatarlarının təhlükəsiz hərəkətinə mane olurlar.

1 dekabr 2015-ci ildə saat 19.00 radələrində Bakıdan Sumqayıta hərəkət edən elektrik qatarı Keşlə-Biləcəri  mənzilinin 2649-cu kilometrində relsin üzərinə mişar daşları iri qırıqlarının düzüldüyünü görüb qatarı saxlamış, təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Hadisə nəticəsində qatarların hərəkətində ləngimələrə yol verilmişdir.

DİN Nəqliyyatda Baş Polis İdarəsinin Keşlə xətt polis bölməsinin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində  dəmir yolunun üzərinə daş qırıqları qoyanlar saxlanılmışdır.

 Araşdırma zamanı məlum olmuşdur ki,  saxlananlar Binəqədi rayonu 100 №-li orta məktəbin XI sinif və Binəqədi rayonu 143 №-li orta məktəbin IX şagirdləridir.

Saxlananlar Nəqliyyatda Baş Polis İdarəsinin Keşlə xətt polis bölməsində dindirilərkən, hadisəni törətdiklərini  etiraf etmişlər.

Bir daha Bakı-Sumqayıt marşrutu üzrə yaxın ərazıdə yaşayan vətəndaşların nəzərinə çatdırmaq  istəyirik ki, dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görüləcək.