3 Aprel 2017

Qazaxıstanlı qonaqlar Bakı sərnişin vağzalında olublar

Qazaxıstanlı qonaqlar Bakı sərnişin vağzalında olublar

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri çərçivəsində ölkəmizə gələn Qazaxıstanın Baş nazirinin birinci müavini Askar Mamin, Qazaxıstanın investisiya və inkişaf naziri Jenis Kasımbek və “Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinin prezidenti Kanat Alpısbayev Bakı sərnişin  vağzalına gəlib, yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov burada aparılan  əsaslı təmir işləri haqqında qonaqlara ətraflı məlumat verib. Bildirib ki, 1884-cü ilin əvvəllərində istifadəyə verilən Bakı sərnişin vağzalı Avropa və Şərq memarlıq elementlərinin üzvi surətdə qovuşduğu orijinal arxitektura kompleksidir.

Cavid Qurbanov qeyd edib ki, bu ilin fevral ayının 10-da Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakı dəmir yolu vağzalında aparılan yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Qazaxıstanın Baş nazirinin birinci müavini Askar Mamin Bakı sərnişin vağzalında aparılan yenidənqurma işlərini yüksək qiymətləndirib. Eləcə də Askar Mamin Bakı sərnişin vağzalını  Astana sərnişin vağzalı ilə müqayisə edib və hər iki vağzalın müasirlik baxımından üstünlüklərindən danışıb.