26 Yanvar 2017

Səyyar “ASAN qatar” fevralın birindən etibarən vətəndaşlara xidmət göstərəcək

Səyyar “ASAN qatar” fevralın birindən etibarən vətəndaşlara xidmət göstərəcək

Səyyar  “ASAN qatar” 26 yanvar  2017-ci ildə Bakı sərnişin stansiyasından Qazax rayonuna yola düşüb. Yolasalma mərasimində “ASAN xidmət” Mərkəzinin əməkdaşları, dəmiryolçular, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səyyar “ASAN qatar” konsepsiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün reallaşdırılıb.

Səyyar “ASAN qatar”ları ölkəmizdə mövcud olan geniş dəmir yolu şəbəkəsindən, infrastrukturdan, kommunikasiya xətlərindən və ən müasir texnologiyalardan istifadə edərək, yerlərdə vətəndaşlara xidmət etməyi nəzərdə tutur.  “ASAN qatar” növbəli qaydada ölkədə bütün istiqamətlərdə hərəkət edərək əvvəlcədən təyin olunan yerdə dayanacaq və əhaliyə xidmət göstərəcək.

Fevral ayının 1-dən etibarən ilk olaraq “ASAN qatar” vasitəsilə Qazax rayonunda sakinlərə 15 gün müddətində səyyar formada  xidmət göstəriləcək. 9 xidmət növü  4 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunacaq. Eyni zamanda, qatarda 3 növ funksional yardımçı xidmət - foto və tibb xidməti, o cümlədən “Azərpoçt” MMC tərəfindən göstərilən bank xidmətləri təşkil edilib.

Qeyd edək ki, Bakı vaqon deposunda “ASAN qatar” sisteminin tətbiqi ilə bağlı xüsusi vaqonlar hazırlanıb. Səyyar “ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir.

“ASAN qatar”da ölkəmizdə dəmir yolu nəqliyyatının inkişafında böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısını, həmçinin “ASAN xidmət” mərkəzlərinin açılışlarında iştirakını əks etdirən foto-guşə yaradılıb. Burada ilk dəfə olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin xidmətləri üçün ayrıca pəncərə yaradılıb. “ASAN qatar”da 25 əməkdaş, 6 könüllü çalışacaq.

Xatırladaq ki, 28 dekabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Biləcəri stansiyasında səyyar “ASAN qatar”la tanış olub.