11 Oktyabr 2016

«Şimal-Cənub" beynəlxalq dəmir yolu layihəsi üzrə işçi qrupu yaradılacaq

«Şimal-Cənub" beynəlxalq dəmir yolu layihəsi üzrə işçi qrupu yaradılacaq

Avqustun 3-4 də iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov da İran İslam Respublikasında səfərdə olmuşdur.

Səfər çərçivəsində nümayəndə heyəti İran İslam Respublikası Prezidenti Həsən Ruhani və müvafiq qurumların rəhbərləri ilə görüşlər keçirmişdir.

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov İranın yol və şəhərsalma naziri Abbas Əhməd Axundi və  nazir müavini-İİR-ın Dəmir Yolunun  baş direktoru Mohsen Purseyid Ağayi ilə ikitərəfli görüşlər keçirmiş, İran Dəmir Yolunun dispetçer mərkəzində hərəkətin idarə edilməsi ilə tanış olmuşdur. Keçirilən görüşlərdə hər iki ölkə üçün bu layihənin əhəmiyyəti  vurğulanmış, "Şimal-Cənub" dəmir yolu layihəsi üzrə işçi qrupu yaradılması qərara alınmışdır.

Qeyd edək ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanmışdır. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minmişdir. 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz «Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında» Saziş»ə  qoşulmuşdur.

"Şimal-Cənub" dəmir yolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır. Həmin dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcəkdir.