13 Yanvar 2016

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yeni istiqamətləri müzakirə olunmuşdur

 “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yeni istiqamətləri müzakirə olunmuşdur

12 yanvar 2016-cı ildə ““Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi: yeni istiqamətlər, inkişaf və perspektivlər” adlı Beynəlxalq Forum - dialoq keçirilmişdir.

Forumda  «Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov, «İran Dəmir Yolları» şirkəti Direktorlar Şurasının sədri Möhsün Purseyid Ağayi, İran Nəqliyyat və şəhərsalma nazirinin müavini Mohəmməd Seyidnejat, «Gürcüstan Dəmir Yolu» SC-nin sədri Mamuka Baxtadze, «Ukrayna Dəmir Yolu» SC-nin İdarə Heyətinin sədr əvəzi Aleksandr Zavqorodniy iştirak edirlər.

Tədbiri giriş sözü ilə Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İqbal Hüseynov açaraq qonaqları salamlamış, bu forum -dialoqun keçirilməsinin əhəmiyyətindən danışmışdır.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov iclasda çıxış edərək bildirmişdir ki, Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşdiyindən, ölkəmizin nəqliyyat qurumları “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətində aktiv iştirak edir.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır.

Ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin  ölkəmizin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsini zəruri etmişdir.  Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün bütünq qüvvələri səfərbər edirik.

Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanmışdır. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minmişdir. 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz «Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında» Sazişə  qoşulmuşdur.

İİR-ın Dəmir Yolunun  baş direktoru Mohsen Purseyid Ağayi,  «Gürcüstan Dəmir Yolu» SC-nin sədri Mamuka Baxtadze, «Ukrayna Dəmir Yolu» SC-nin İdarə Heyətinin sədr əvəzi Aleksandr Zavqorodniy çıxış edərək “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin gələcəkdə öz töhfəsini verəcəyini bildirdilər.

Forum-dialoqun sonunda əməkdaşlığın bundan sonra daha inkişaf etdirilməsinin vacibliyi bildirilmişdir.