2 May 2016

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyəti ABŞ-da müzakirə olunmuşdur

 Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyəti   ABŞ-da müzakirə olunmuşdur

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda yerləşən Con Hopkins Universitetində “Transxəzər, Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” mövzusunda beynəlxalq forum keçirilmişdir.

Tədbirin əsas məqsədi - Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz vasitəsilə Çin və Avropa arasında yaranan əhəmiyyətli tranzit dəhlizlərini və bu dəhlizlərdən yararlanmaq imkanlarını müzakirə etmək olmuşdur. Həmçinin İpək Yolu marşrutu üzrə müasir layihələrin hazırlanması və investisiyaların həyata keçirilməsi ilə bağlı məsələlərinin müzakirəsi forumun məqsədlərindən biri idi.

"Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi" forumuna 200-dən çox qonaq, o cümlədən ABŞ Hökuməti, ticarət palataları, yerli və beynəlxalq maliyyə və sərmayə təşkilatları, düşüncə mərkəzləri və 50-dən artıq ABŞ şirkəti qatılmışdır.

Forumda Azərbaycanın digər dövlət qurumlarının nümayəndələri ilə yanaşı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri Vüsal Aslanov, “ADY Express” MMC-nin Biznesin inkişafı və Marketing Departamentinin rəhbəri Natiq Cəfərov iştirak etmişlər.

Tədbirin panel iclasında çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri Vüsal Aslanov, Azərbaycan dəmir yollarının tarıxı, inkişafı, gerçəkləşdirilən beynəlxalq layihələr, ölkəmizin ərazisindən keçən nəqliyyat marşrutlar haqqında geniş məlumat vermişdir. Matşrutların səmərəliliyi haqda söz açan Vüsal Aslanov onların təhlükəsiz, yüklərin çatdırma vaxtının qısa, tariflərin isə rəqabətli olduğunu bildirmişdir. Tədbirdə Azərbaycan dəmir yolları haqqında video-çarx da nümayiş etdirilmişdirş. “Azərbaycan DəmirYolları” QSC-nin sədrinin müşaviri Vüsal Aslanovun çıxışı tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. Çıxışdan sonra Vüsal Aslanov forum iştirakçılarının marağında olan bütün suallarları cavablandırmışdır.

Çıxış edən digər iştirakçılar, Transxəzər marşrutunun ölkələr üçün olduqca önəmli layihə olduğunu və Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək niyyətində olduqlarını bildirmişlər.