17 Yanvar 2017

Ucar-Bərgüşad mənzilində 10, 6 km dəmir yolu əsaslı təmir olunur

Ucar-Bərgüşad  mənzilində 10, 6 km dəmir yolu əsaslı təmir olunur

Azərbaycan Dəmir Yolunun əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

17 yanvar 2017-ci ildə dəmir yolunun Ucar-Bərgüşad mənzilində 10, 6 km yolun əsaslı təmirinə start verilib.

Qeyd edək ki, əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi  həyata keçirir. MMC-nin baş mühəndisi İsmayıl Sadıqov bildirib ki, təmir işləri bir həftə davam edəcək. Artıq köhnə yolun sökülməsi prosesi başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkəti arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 208 km dəmir yolu əsaslı təmir olunub.