12 Dekabr 2016

ULU ÖNDƏR HEYDƏR ƏLIYEV ANILDI

ULU ÖNDƏR HEYDƏR ƏLIYEV ANILDI

12 dekabr 2016-cı ildə ulu öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümündə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi  Fəxri Xiyabanda ümummilli liderin məzarını ziyarət edib, məzarı önünə əklil, gül dəstələri düzüblər.

Dəmiryolçular sonra görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın da xatirəsi anıb, məzarı üzərinə gül dəstələri düzüblər.

Ümummilli liderin anım mərasimi indi  ölkənin hər yerində keçirilir. Bir anlığa  20-ci əsrin 90-cı illərinə qayıdaq.  O illər ölkənin tarixində çox ağır bir dövr idi. Azərbaycanın iqtisadiyyatı dağıdılmış, dövlətlərarası münasibətləri tamam pozulmuşdu. Ölkəmiz bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə dayanmışdı. Bunun da səbəbi hər kəsə aydın idi. Siyasi səriştəsi olmayan insanlar ölkəni özlərinin maraq poliqonuna çevirmişdilər. Belə bir şəraitdə cəmiyyət siyasi hakimiyyətin dəyişməsini tələb edirdi. O zaman ölkənin bir qrup vətənpərvər ziyalısı Yeni Azərbaycan Partiyasının yaradılması zərurətini başa düşdü və bu təşəbbüslə çıxış etdi. 21 noyabr 1992-ci ildə Partiyanın təsis konfransı Naxçıvanda keçirildi və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Ondan sonra siyasi hadisələrin necə cərəyan etdiyini, Heydər Əliyevin xalqın təkidi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtması ilə ölkəni sürükləndiyi uçurumdan necə xilas etməsini hamımız yaxşı bilirik. Çünki biz bu yaxın keçmişimizin canlı şahidləriyik.

Dünya siyasətində öz çəkisi ilə seçilən ümummilli lider Heydər Əliyev iqtisadiyyatın dirçəldilməsinə xüsusi önəm verirdi. O, həmişə bildirirdi ki, iqtisadiyyatı güclü olmayan dövlət öz yerini müəyyən edə bilməz. İqtisadiyyatın bütün sahələri kimi dəmir yolunda da bu illər ərzində bir çox nəhəng işlərin görülməsi məhz onun qayğı və nəzarəti sayəsində mümkün olmuşdu.

Onun alternativi olmayan siyasəti bu gün də davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə ölkəmizin demokratik imicinin möhkəmlənməsini təmin edir.