15 Dekabr 2023

Yeni “Stadler” qatarları tezliklə sərnişinlərin xidmətində olacaq

Yeni “Stadler” qatarları tezliklə sərnişinlərin xidmətində olacaq

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında 2019-cu ilin noyabr ayında imzalanmış müqaviləyə əsasən, yeni alınacaq FLIRT tipli 6 elektrik və 4 dizel qatarının 4 ədədinin (dizel) bu ilin sonuna kimi Bakıya çatdırılması planlaşdırılıb. Artıq iki qatar Bakı Dəmiryol Vağzalına çatdırılıb.

Qeyd edək ki, FLIRT markalı birmərtəbəli qatarın hər biri 5 vaqondan ibarətdir və sərnişin tutumu 236-270 nəfər arası dəyişir. Qatarlarda standart və birinci sinif (8 yer) yerlər mövcuddur. Yeni  dizel qatarları kontakt şəbəkəsinə qoşulmadan daxili mühərrik sistemi hesabına istehsal olunan elektrik enerjisi ilə hərəkət edir. Bu da, öz növbəsində, kontakt sistemində yarana biləcək texniki problemlərdən asılı olmayaraq qatarın qrafik üzrə normal rejimdə hərəkət etməsinə imkan yaradır.

Qatarlar yeni nəsil təhlükəsizlik texnologiyası və bir sıra innovativ mexanizmlərlə təchiz olunub. Belə ki, qatarda sərnişinlərin mənzilbaşına təhlükəsiz çatdırılmasını tənzimləyən “Block-5” sistemi fəaliyyət göstərir. Sistemin əsas özəlliklərindən biri onun eyni sistemlə çalışan və qarşıda hərəkətdə olan digər qatarın hərəkət trayektoriyasını izləmək, hərəkətin təhlükəsizliyinə hər hansı risk yarandıqda isə sürəti tənzimləmək funksiyalarına malik olmasıdır.

Eyni zamanda qatar hərəkətdə olarkən maşinistlərin səhhətində hər hansı problem yaşanarsa, “Block-5’’ sisteminin köməkliyi ilə qatar distant rejimdə tam təhlükəsiz qaydada dayandırılır, sərnişinlərin mənzilbaşına təhlükəsiz çatdırılmasında hər hansı xoşagəlməz hal yaşanmır.

Yeni FLIRT qatarları, həmçinin “Fluidmesh” texnologiyası ilə təchiz olunub. Bu sistem qatarlarda sürətli və kəsintisiz internetin davamlı təmin olunmasında önəmli rol oynayır.  Qatarlarda quraşdırılmış multimedia sistemi isə sərnişinlərə səyahət zamanı müxtəlif əyləncəli proqramları izləməklə xoş səyahət təcrübəsi yaşadır.

Yeni FLIRT qatarlarının daha bir üstün cəhəti bar-vaqon salonuna malik olmasıdır. Regionlara səfərlər zamanı sərnişinlər bu salonun xidmətindən istifadə edərək isti və soyuq içkilər, qəlyanaltılar ala bilərlər.

Xatırladaq ki, Bakıya çatdırılmış bu iki qatar yol infrastrukturunda müvafiq test proseslərindən keçdikdən sonra 2024-cü ilin yazından etibarən sərnişinlərin xidmətinə veriləcək.