15 Aprel 2016

Yüklərin Azərbaycandan keçməklə daşınması ən əlverışlı yoldur

 Yüklərin Azərbaycandan keçməklə daşınması ən əlverışlı yoldur

Rumıniyanın Konstansa şəhərində Avropa-Asiya-Avropa istiqamətində Konstansa limanından keçməklə yük daşımalarının inkişafı ilə bağlı keçirilən üçgünlük dəyirmi masa başa çatmışdır.

Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin Baş direktoru Mamuka Baxtadze, “Moldova Dəmir Yolu” DB-nin Baş direktoru Yuri Topale və Rumıniya “CFR Marfa Sa”nın Baş direktoru Laurensiu Cerceskunun başçılıq etdikləri nümayəndə heyətləri iştirak etmişlər. 

İştirakçılar Rumıniyanın Konstansa və Gürcüstanın Poti limanlarından keçməklə Gürcüstan, Azərbaycan və İran, eləcə də əks istiqamətdə yük daşımalarının təşkili imkanları, problemli məsələlərin həlli yolları, həmçinin görülən işlər barədə müzakirələr aparmışlar.

Tədbirin sonunda tərəflər arasında memorandum imzalanmışdır.

Bundan başqa Azərbaycan nümayəndə heyəti ilə Rumıniyanın Nəqliyyat Nazirliyinin TRACECA milli katibliyinin Baş katibi Maria Grigore arasında ikitərəfli görüş keçirilmişdir. Aparılan danışıqlar zamanı Azərbaycanın tranzit imkanları, ölkəmizdən keçən nəqliyyat dəhlizləri və onların potensialı, bu sahədə görülən işlər, imzalanan müqavilələr haqda məlumat verilmiş, Ruminiya ilə bu sahədə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

Qeyd edək ki, Rumıniyanın İran, Orta Asiya və Çınlə ticarət dövriyyəsi kifayət qədər boyükdür: İran İslam Respublikası ilə Rumıniya  arasında – 117.2 mln $, Çin ilə Rumıniya arasında – 4 mlrd $, Türkmənistan ilə Rumıniya arasında – 43.5 mln $, Özbəkistan ilə Rumıniya arasında – 26.5 mln $, Qazaxıstan ilə Rumıniya arasında – 3.2 mlrd $, Qırğızıstan ilə Rumıniya arasında – 5.5 mln $, Pakistan ilə Rumıniya arasında – 194.2 mln $, Tacikistan ilə Rumıniya arasında – 836 000 $.

Bu yüklərin, Azərbaycandan keçməklə, daşınması ən əlverışlı yol sayılır. Rumıniya nümayəndələri də bu yola böyük maraq göstəriblər.

Onu da vurgulayaq ki, ölkəmizin tranzit imkanlarının genişləndirilməsi, əlavə yüklərin cəlb olunması istiqamətində, nəqliyyat dəhlizlərinin inkişafı üçün bu vaxta qədər bir çox vacib danışıqlar aparılmış, müqavilələr imzalanmışdır. Rumıniyanı maraqlandıran Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının inkişafı istiqamətində təkçə bu ilin 3 ayı ərzində mühüm işlər görülmüşdür. Aprelin 12-də Bakıda Şərq-Qərb Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumu yaradılmış, martın 15-16-da “Şimal-Cənub” Benəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində işçi qrupunun görüşü keçirilmiş, sənədlər imzalanmış, yanvarın 12-də Bakıda “Şimal-Cənub” Nəqliyyat Dəhlizinə həsr olunmuş Beynəlxalq forum keçirilmişdir. Nəqliyyat dəhlizlərinin iştirakçı dövlətləri, operator şirkətləri ilə müqavilələr imzalanmış, vahid tariflər müəyyən edilmişdir.